Son Dəqiqə
Home / Məqalə / Ənvər Paşa fenomeni

Ənvər Paşa fenomeni

XVlll-XlX əsrlərin qovşağında “Min bir gecə” kitablarının yüksək tirajla nəşr olunduğu Almaniya və Fransada geniş vüsət alan romantizm cərəyanı folklordan maksimum yararlandığından əsərlərin məzmununda millilik, təhkiyəsində isə xətti nağıl modeli önə keçdi. Bu modeldə musiqiyə, mahnıya və rəqslərə yer verilməsi dramaturji strukturun sadələşməsinə və ideyanın dağınıqlığına səbəb oldu. Romantizm zəminində yaranan əsərlərdə hissiyyata söykənən yaradıcı təxəyyülün hüdudsuzluğu simvolizmi qabartdı. Bu simvolizmdə iblislər, mələklər kimi səmavi personajlarla yanaşı, danışan kölgə və xəyal kimi fantaziya məhsulları da yarandı.

Azərbaycan romantizminin Əhməd bəy Ağaoğlu (1868-1939) və Əli bəy Hüseynzadə (1864-1940) kimi böyük nəzəriyyəçiləri bu cərəyanın öncə insanlıq, sonra isə müsəlman dini, türk millətçiliyi və qafqaz yerliçiliyi ideyaları üzərində bərqərar olmasını önə çəkirdilər. Avropanın təsirilə XlX əsrin ikinci yarısından başlayaraq Osmanlı ədəbiyyatına, sənətinə və mətbuatına nüfuz edən romantizm ruhunda bu cərəyan dini və milli ideyalar zəminində tədricən Azərbaycanda da formalaşdı. Rus və fars şovinizminin zülmünə məruz qalmış xalqının gələcək taleyi ilə bağlı mühüm məsələlərin həllini yalnız türk və islam dünyası kontekstində görən Əli bəy Hüseynzadə 1905-11-ci illərdə bütöv Azərbaycan ideyasının reallaşması yolunda vacib addım olan İran inqilabının, Səttarxan hərəkatının gətirəcəyi mədəniyyətə xüsusi əhəmiyyət verirdi. Cəhaləti, nadanlığı daim qamçılayaraq azadlıq ideyalarını bəyan edən Əli bəy Hüseynzadənin real müstəvisi, sadəcə məhdud məkan çərçivəsində deyil, hüdudları olduqca geniş olan bir Turan ölkəsi miqyasında idi. Və bu ideyanın reallaşdırılma imkanlarının mümkünsüzlüyü məhz romantizmin təzahürü kimi özünü təsdiq edirdi. Digər tərəfdən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi romantizmin ideoloqları ictimai şüuru formalaşdırmaq, sakini vətəndaşa çevirən milli mətbuatı inkişaf etdirmək naminə kütlənin hissiyyat dünyasına nüfuz edən romantizmdən bəhrələnmək yolunu seçdilər.

23 noyabr 1903-ci ilin «Kaspi» qəzetinin 275-ci sayındakı «Şekspirin «Otello»su və Şillerin «Qaçaqlar»ı tatar dilində» məqaləsində Əhməd bəy Ağaoğlu dünya dramaturgiyası ilə tanışlığı dəyərləndirməklə bərabər, romantizmin təsirinə düşən yerli müəlliflərin yaradıcılığında peşə cəbbəxanasının kasadlığına diqqət çəkirdi. «Orijinal əsərlərə gəlincə, mənim fikrimcə, onların böyük hissəsi Avropa klassiklərindən edilən tərcümələrin bir səhifəsinə belə dəyməz. Hər dəfə tatar dilində orijinal bir əsər oxuyanda, yaxud, «rəy üçün» hər hansı orijinal bir kitab alanda mən kədər hissi içində onlara sərf olunan vaxta hayıfsılanıram» (116. səh. 273) deməklə xüsusən dramatik əsərlərin yaranmasında dünyəvi nəzəri biliklərin tətbiqini, yəni ideyanın maddiləşməsində vacib sayılan peşəkar üslub göstəricilərini önə çəkirdi. Elmi-nəzəri əsaslarla yaranan əsərlərin dünyəviliyini, sadəcə istedad hesabına yazılanların isə məhəlliliyini vurğulayırdı… Sovet dövründə sosrealizmin bir sıra tədqiqatçılarının, ədəbiyyatşünas kimi milli romantizmin ideoloji əsaslarını məslək dostu Əli bəy Hüseynzadə ilə birgə quran Əhməd bəy Ağaoğlunun sırf filoloji tələblərini bütövlükdə xalqa, millətə yuxarıdan aşağı baxmaq kimi etik müstəvidə dəyərləndirmələri təəssüf doğurur.

Əhməd bəy Ağaoğlu ilə Əli bəy Hüseynzadənin bəşəri ideyalara, mütərəqqi amillərə və mənəvi zənginliyə arxalanan dövlətçilik prinsipləri, mühitdə ictimai fikrin zəifliyi səbəbindən real həyat gerçəkliyinin müqavimətinə dözə bilmirdi. Xüsusən Əhməd bəy Ağaoğlu insanı mütiliyə səsləyən, rəhbərləri tanrının kölgəsi hesab edən, susmağa və dözməyə çağıran konservativ islamizmi önə çəkən, konkret zaman və məkan parametrlərini əks etdirməyən didaktik ədəbiyyatın, ölgün musiqinin əleyhinə çıxır, hər kəsi haqqın bərqərar olunması yolunda mənəvi üsyana çağırırdı. Cəmiyyətdə keyfiyyət dəyişkənlikləri naminə təlatümlər, qasırğalar qopara bilən böyük ədəbiyyatın yaranmasını tələb edirdi. Məhz bu çılğın, dinamik ideyalara cavab verəcək həyatla bağlı realist əsərlərin şərqdə yarana bilməməsi onu məyus edirdi. O, ədəbiyyatı, sənəti sadəcə məlumatlandıran, maarifləndirən, əyləndirən deyil, qlobal fikir yaratmaqla ictimai şüurda çevriliş edib həyatın özünü dəyişdirən bəşəri fakt və amil kimi görmək istəyirdi. Bu isə təhsil aldığı Avropa mühitində artıq biznes fsktoru üzərində bərqərar olan, bazara yönəlikli modernizmə keçid edən tənqidi realizm ruhunun təzahürü idi. Digər tərəfdən tədqiqatçı filosof Şahnəzər Hüseynovun yazdığı: «Ağaoğlu məhz bu idrakı baxımdan rus və ingilis ədəbiyyatının inkişafını nümunə gətirir və onun fikrincə bu ədəbiyyatlar o qədər irəli getmişlər ki, Rusiyada və İngiltərədə təsvir edilməmiş, canlandırılmamış tək bir çay, tək bir meşə, tək bir çöl, tək bir heyvan, tək bir insan və həyat tərzi qoymamışlar. O, ədəbiyyatda bu cür təsvirlərin həm estetik, və həm də, ictimai nöqteyi – nəzərdən tərbiyəvi təsirlərinin böyüklüyünü xüsusi olaraq qeyd edir» (1.s.121) kimi mülahizələr peşəkar filoloqun ədəbiyyatımızın təbiət mənzərələrinə, hadisələrinə meydan verən romantizm mərhələsini keçməsinə israrlı olduğunu təsdiqləyir. XlX əsrin ikinci yarısından başlayaraq insan faktorunun önə çəkildiyi, humanizmin az qala cərəyana çevrildiyi, tənqidi realizmin möhkəmləndiyi Qərbdən və Rusiyadan fərqli olaraq Osmanlı ədəbiyyatında gecikmiş təzahürünü tapan romantizmin strukturunda vətənpərvərlik mövzusunun önə keçməsi ictimai fikri istiqamətləndirəcək ilk qaranquşlar kimi Əhməd bəy Ağaoğlunu sevindirirdi.

Akademik K.Talıbzadənin yazdığı: «Ə. Ağayevə elə gəlirdi ki, Azərbaycan öz mənəvi inkişafında çox geridə qalıb o, hətta, Avropadakı fikri cərəyanlarını mənimsəmək üçün belə yetişməyib, odur ki, bizim müəllimlər, yazıçılar nahaq yerə bədii yaradıcılıqla məşğul olurlar. Onların yazdıqları tamamilə təsirsizdir: «Heyhat! Biz onlar haqqında düşünmək üçün həddindən artıq miskinik, yoxsuluq. Biz hələ o təmənnada olmamalıyıq. Bizə dolanmaq üçün gündəlik kasıbyanə pay lazımdır. Təəssüf ki, vəziyyətimizin bu cəhətinin aydınlığına baxmayaraq bizi də süstlük bürümüşdür… Müəllimlərimizin sinifdən kənar bütün fəaliyyəti heç nəyə yaramayan komediyalar, gülünc dramlar və son dərəcə pis qrammatikalar yazmağa həsr olunmuşdur. Və bütün bu ədəbi cəfəngiyyatı bazara çıxaran bizim pedaqoqlar, yarışlardan çıxmış qaliblər kimi asudə nəfəs alır və özlərinin bu fəaliyyətləri ilə doğma ədəbiyyatı zənginləşdirdiklərinə, dili inkişaf etdirdiklərinə, bəşəriyyətə böyük xidmətlər göstərdiklərinə ciddi inanırlar. Heç bir mübahisə və dəlil ilə siz bu yazıçılıq xəstəliyinə tutulmuşları inandıra bilməzsiniz ki, onlar heç kəsə xidmət etməmişlər…Bu isə o deməkdir ki, siz boş yerə öz qiymətli vaxtınızı itirirsiniz, çağrılmayan yerə gedirsiniz, o yerə ki, siz orada ancaq naşı və yadsınız» (2. s.274-275) mülahizələrini sosrealist tənqid kontekstində olsa belə ədəbi mühitə çatdırırdı. Kamal Talıbzadə dövrün diqtəsi ilə Əhməd bəy Ağaoğlunun «Kaspi» qəzetinin 4 oktyabr 1903-cü il 213-cü sayında dərc etdirdiyi bu fikirlərini qəbul etməsə də: «Əlbəttə, Ə. Ağayevin məqalələrində ədəbi inkişafın çətinliklərindən doğan ürək ağrısı da var idi, o, öz ədəbiyyatını Şekspir, Şiller, Hüqo, Dostoyevski və Tolstoy səviyyəsində görmək istəyirdi, bu dahilərin əsərləri vasitəsilə «zövqləri hərəkətə gətirməyə», müsəlmanların «əqli qənaətlərini, hisslərini tərbiyə etməyə» çağırırdı» (2. s.275) qənaəti peşəkar tədqiqatçı mövcud mülahizələrin həqiqətə uyğun olduğunu qəti inkar etmədiyini sezdirirdi.

Qərbin demokratik dəyərlərinə arxalanan milli maarifçiliyin ilk öncə türk dünyası kontekstində həyata keçirilməsini məsləkinə çevirən Əhməd bəy Ağaoğlu özünün «Mən kiməm» əsərində yazdığı: «Mən içimdə çox səmimi və qızğın millətpərvərəm. Türkün yüksəlişi üçün çalışmaq, onun izzəti nəfsini, şərəfini, haqqını, hürriyyətini müdafiə üçün özümü təhlükəyə atmaq fikrini sevinclə qəbul edirəm» (3. s.57) fikirlərindən göründüyü kimi o, romantizmə xas çılğınlıqla doğrudan da həyatını millətinin yolunda fəda etməkdən belə çəkinmirdi. İslamın modernləşdirilməsinin nəzəri əsaslarını yaradan Əhməd bəy Ağaoğlunun bu ideoloji platforması barədə Kamal Talıbzadə yazdığı: «Ə. Ağayev belə fikirdə idi ki, «Asiya xalqlarına həyatı ilk dəfə xatırladan, onlara «göyləri yuxusundan oyadan», göylərlə bərabər yeri də göstərən islam dini olmuşdur» (2. s.278) İslam dinini özü üçün əsas təhlükə sayan, «yaşıl təhlükə» hesab edən çarizm siyasəti bu dinin mütərəqqi əsaslarını araşdıran maarifçilərə qarşı qəti və barışmaz mövqedə dururdu. Dini maarifçilik ideyalarının öndərləri, şərqşünas kimi Avropada belə məşhur olan, Peterburqda və Parisdə hüquq təhsili görmüş, 1892-ci ildə şərqşünasların Londonda keçirilən konqresində məruzə etmiş, ərəb, fars, rus, fransız dillərini mükəmməl bilən Ə. Ağaoğlu və onun məslək dostu, babası Qafqazın şeyxülislamı Axund Əhmədin himayəsində böyümüş, Peterburq Universitetində Mendeleyev, Vaqr, Jukovski kimi müəllimlərdən dərs almış Ə. Hüseynzadənin tutarlı fikirləri qarşısında mühafizəkar çarizm siyasəti duruş gətirə bilmirdi. Qlobal maarifçiliyi önə çəkməklə ictimai fikri strateji məsələlərə yönəldən bu maarifçilərin bəşəri ideyaları ilk öncə hər kəsə, cümləyi insanlığa və sonra millətə sevgi üzərində bərqərar olurdu. «Füyuzat»ın 1906-cı il 6-cı sayında Əli bəy Hüseynzadənin «Nicat məhəbbətdədir!» məqaləsindəki: «Məhəbbət nədir? Məhəbbət insanların haqq yolunda bir-birlərini və hər birini cümləyi sevməyindədir» (4. s. 99) fikirləri bu humanist mövqeyin təsdiqidir.

Savadsızlığı və nadanlığı qorxulu bəla hesab edən Əhməd bəy Ağaoğlu özünə məxsus modernist təfəkkürlə tənqidi realizmin nihilizm metodunun imkanlarından anında istifadə etməyi bacarırdı. Əli Bəy Hüseynzadə isə onun əksinə olaraq şanlı türk tarixinin görkəmli simalarını vəsf edirdi ki, onlardan da biri kürreyi ərzi fəth etmək iqtidarında olan Əmir Teymur idi. Ə. Ağaoğlu «Panislamizm, onun səciyyəsi və istiqamətləri» (1900), «İslamın mənşəyi və onun xristianlığa və yəhudiliyə münasibəti» (1903), «Ricəti islam» (1909) kimi fundamental əsərlərində və məqalələrində İslam dinini elmi baxımdan araşdıraraq Məhəmməd peyğəmbəri mənəviyyat mücəssəməsi kimi göstərir. Ə.Hüseynzadə «Siyasəti fürusət» əsərinin «Teymurnamə» bölməsində alimlərin, ədiblərin söhbətini sevən, dünyanın üləma və füzəlasını başına toplayan böyük hökmdarın dilindən «Tarix, coğrafiya, psixologiya, riyaziyyat, həndəsə, sövqül-ceyş və təbiətülceyş kimi elmlərə həqqilə vaqif olmadan müharibə meydanlarında zəfər qabil degildir» (4. s.79) deyən bu tarixi şəxsiyyətin hərb, elm və mədəniyyət sahəsində nailiyyətlərindən vəcdə gəlirdi.

1 aprel 1873-cü ildə İstanbulun Gedikpaşa teatrının səhnəsində, peşəkar türk dramaturgiyasının və jurnalistikasının banilərindən biri Namik Kamalın bir il əvvəl yazdığı, Güllü Agop şikətinin səhnələşdirdiyi, «Vətən və ya Silistrə» tarixi mövzulu pyesi 15 may 1853-cü ildə Osmanlı ilə Rusiya arasındakı Kırım müharibəsinin qaynar çağında köhüllü olaraq vətənin müdafiəsinə qalxan, yaralansa da döyüşdən çəkilməyən İslam bəyin sevgilisi, qiyafəsini dəyişərək Adəm adı altında vətənə qalibiyyət qazandırmaqla, finaldakı toyla istəklisinə də qovuşmaqla folklordan yararlanan milli məzmunlu, xətti dramaturji modelli romantik əsəri səciyyələndirir. Zəkiyyənin dilindən səslənən: «Lütf ediniz, cocuqlarınıza da dövlət yolunda ölməyə icazə verin. Bu qədər gənclər vərəmdən, vəbadan ölüyor, bir-ikisi də qurşundan, güllədən ölürsə nə olur?» (5. s.118) sözlərindən göründüyü kimi müəllif əsərində insan faktorunu arxa plana atmaqla, vətənpərvərlik kimi ülvi borc hissini önə çəkir. Namik Kamalın həbs edilərək Maqusaya sürgün edilməsi dövlətçilik ənənəsinə malik, qanunların işlədiyi Osmanlıda real məntiqə deyil, hissiyyat gerçəkliyinə söykənən, üstəlik aradan üç il keçmədən pyesin alman, fransız, rus dillərinə tərcüməsində yəhudi, masson barmağı olduğu etimal edilən romantizm cərəyanının qəbuledilməzliyi təsdiqlənir. Osmanlı imperiyası tarixindəki zəfərlərin başında yalnız sultanların durması faktının ədəbiyyatda da digər qəhrəmanlara yer verilməzliyi reallığın gərdişi ilə sarsılmaqda idi. Belə ki, istehsalın fasiləsizliyinin təminatı fonunda silah cəbbəxanasını da yeniləşdirən Qərbin fonunda saray həyatına uyan sonuncu sultanların ali baş komandanlıqdan uzaqlaşmaları həyatda olduğu kimi ədəbiyyat və sənətdə də yeni qəhrəmanlara tələbat yaratdı.
22 noyabr 1881-ci ildə İstanbulda dəmiryolçu Hacı Ahmet bəylə, alban əsilli Ayşə xanımın ailəsində dünyaya gəlib Manastır şəhərinin hərbi rüşdiyyəsini (1894), Soyuqçeşmə əsgəri idadisini (1897), Hərb məktəbini (1899) ve Harp Akademisini (1902) bitirən, kurmay yüzbaşı kimi Makedoniyanın müxtəlif bölgələrində xidmət göstərib minbaşı rütbəsi qazanmaqla üçüncü Ordunun Manastırdaki baş qərargahına (1906) gətirilən Ənvər bəy – İsmail Ənvər türk xalqlarının tarixində və ədəbiyyatında parlaq simaya çevrilir.
23 iyul 1908-ci ildə Türkiyədə konstitusiya, parlament, məfkurə və mətbuat azadlığının elan edilməsi ilə ictimaiyyətdə yaranan çaşqınlıq uzun illər imperiya əsarəti altında yaşayıb təkhakimiyyətliliyə alışan millət üçün təəccüblü deyildi. Bununla yanaşı, sultanın hüquq və demokratiyanın tələbinə boyun əyməsi konstitusiyanın mahiyyətini bilməyənləri belə vəcdə gətirməklə hərəkatın uğuruna təminat verirdi. Millətlərin və dinlərin qardaşlaşması fonunda konstitusiya anlayışı birgə yaşayışa mane olan köhnədənqalma nifrət və həqarətə üstün gəlirdi. Bu mənəvi coşqunluq dövlətçilik strategiyasını unudan Gənc türklərin Turan romantizminin azlıqda qalan millətləri təşvişə salması sayəsində boğuldu və gözlənilən parlamentin əvəzində çoxsaylı cırtdan partiyaların yaranması ilə iflasa uğradı. Səbəb isə yeni formalaşan panislamizmin timsalına çevrilən Sultan Əbdülhəmidin avtoritar despotizminə öyrənmiş çoxmillətli xalqın liberalizmdən uzaqlaşan Gənc türklərə inamsızlığı idi. Sultanın mərkəzi fiqur olduğu panislamizmin düşməninə çevrilən Gənc türklərdən başqa daxildə və xaricdə türkə nifrətin miqyasını dərk edən, yeni turançılıq ideyasını önə çəkən qüvvələrin düşüncə mənbəyi krımlı İsmayıl bəy Qasprinski, qarabağlı Əhməd bəy Ağayev və volqaboylu Akçuroaoğlu kimi rus işğalı ərazisində olan müsəlman türklər-tatarlar oldular. Türkiyənin ictimai-siyasi problemlərini kənardan izləyən, çoxsaylı məqalə və kitablar yazan, bu yüksək təfəkkür və peşəkar qələm sahiblərinin qətiyyəti gələcəyin uğurlarının təminatı idi. Panislamizm zəminində yaranacaq Osmanlı dövləti ideyasının iflasa uğradığı bir şəraitdə bütün dünya türklərinin ümumi vətəni olub keçmişlə gələcəyi özündə birləşdirən Turanın yeni ideyanın simvoluna çevrilməsi ağlabatan görünürdü. Turan ideyasının romantik cizgiləri xristianların, ərəblərin və digər qeyri-türk xalqlarının xəyali səslənən səltənətin dövlət birliyindən çıxmasını hələ ki, təhlükəsiz sayırdı. Beləliklə, dövlət sərhədləri ərəb, Balkan dünyasını deyil, ucsuz-bucaqsız Asiya çöllərini əhatələndirən və hələ ki, əsasən çar Rusiyasının müstəmləkəsi kimi inləyən türk xalqlarının gələcək taleyi gündəmə gəldi. Qeyri-türk müsəlmanların turançılıqdan kənarda qalmaları dövlətçilik üçün yeni problemlər yaratsa da, bu ideyanın gerçəkləşməsində sürətli hücumla «iyirmi dörd saat ərzində səksən kilometr qət edə bilən» mifik qəhrəman Ənvər bəyin (1881-1922) İstanbulun Avropada arxa cəbhəsi olan Trakiyanı azad etməsi onu Gənc türklər hərəkatının, Turan millətçilərinin vuran əlinə çevirdi.

5 mart 1909 – cu ildə hərbi müşavir kimi Almaniyada işə başlayıb, tezliklə Berlində türk səfirindən də çox tanınmaqla imperator ailəsinin belə sevimlisi sayılan 28 yaşlı minbaşı Ənvər bəy, Osmanlı sarayı ilə İttihad və tərəqqi partiyasının iradəsilə Sultan Əbdülməcidin nəvəsi, 12 yaşlı Naciyə (1898-1957) ilə üzünü görmədən, qiyabi olaraq nişanlanaraq məktublaşmaqla bir-birlərini təbrik edirlər. İki il sonra Ədirnə qəhrəmanı kimi məhşurlaşanda ilk dəfə fotoşəklini gördüyü Naciyəyə yazdığı: “Sizi gördüğüm zaman ne hisse kapılacağımı tahmin dahi edemiyorum” deyə daxilindəki çırpıntıları səmimi etiraf edir. “Resminizi ne yaptığımı biliyor musunuz? Büyük yazı masamın ön gözüne koydum. Günde bilmem kaç defa açarak, kalbim çarparak seyrediyor, sonra öpüp kilitliyorum. Fakat en meşgul zamanlarımda bile fasılaların on dakikadan fazla olmadığını söylersem gülmezsiniz değilmi ruhum?” kəlmələri və sualları igid sərkərdənin daxilindəki romantik dünyasından xəbər verir.
24 iyul 1911-ci ildə Berlindən yazdığı: “İki gözüm, Sultanım, Efendim… Siz hiç olmazsa benim resmimi gördünüz, ya bendenizde o da yok. Karanlıkta gözlerimi kapar, sizin hayalinizi gözümün önüne getirmek isterim. Yatarken Allahımdan hiç olmazsa rüyada olsun sizi bir kerecik göstermesini dilerim. Fakat şimdiye kadar hiç muvaffak olamadım. Haşa sümmehaşa, nasıl Cenabı Hakkı bir şekil vermeden seviyorsam, sizi de şimdi bir ruhu latif olarak, şeklinizi düşünmeden seviyorum…Artık sizin hayalinizle meşgul olarak yatağıma gireceğim. Bundan evvel bütün kalbimle saadetinizi temenni ederek sizi kucaklar, gözlerinizden öperim iki gözüm… – Enveriniz“ sətirləri ülvi duyğuları canlandırır… Həmin ilin sentyabrında Osmanlıdan Trablisin ona tələb edərək rədd cavabından sonra hücuma keçən İtaliya ordusu Ənvər Paşa və Mustafa Kamal paşanın könüllü qüvvələrinin müqavimətini qırdıqda, 18 oktyabr 1912-ci ilın Lozanna sülh müqaviləsinə görə, Trablislə Kirenaika Liviya adı altında İtaliyaya verildi.

4 oktyabr 1912-ci ildə başlanmaqla 25 sentyabr 1913-cü ilə qədər davam edən Balkan müharibəsində, İttihadçıların xarici siyasətinin zəifliyi ucbatından Qərbin və xüsusən Rusiyanın dəstəklədiyi, Bolqarıstan, Serbiya və Yunanıstanın Türkiyəyə qarşı öz qüvvələrini birləşdirdiyi məqamda ölkəsinə dönən Ənvər bəy düşmən ordusunun Çatalcada durdurulmasında, hələ 1828-ci ildə Rusların ələ keçirdikləri Ədirnənin qaytarılmasında bir gündə 20 min nəfərin həyatı bahasına olsa da, önemli rol oynamaqla şəninə nəqmələr qoşulan, hətta almanların Türkiyəyə gələn qatarın üzərinə təbaşirlə “Ənvərin ölkəsi” yazdıqları yarımmifik romantik qəhrəmana çevrildi.
1 yanvar 1914-cü ildə paşa rütbəsinə layiq görülməklə hökumətdə hərbi nazir vəzifəsini tutan, həmin ilin 24 fevralında 16 yaşlı Naciye Sultanla (1898-1957) ailə quran, bir il əvvəl hərbi çevrilişlə öndərlərindən olduğu İttihat və Tərəqqiçilərin iqtidara gəlməsinə nail olan Ənvər Paşa Almaniya ilə hərbi ittifaqın və Osmanlı dövlətinin Birinci Dünya müharibəsinə daxil olmasının təşəbbüskarlarından birinə çevrilməklə müharibə illərində Hərb naziri vəzifəsini yerinə yetirir.
19 iyun 1914-cü ildə Avstriya-Macarıstanın Serbiyaya hücumu ilə Birinci Dünya Müharibəsi başladığından Almaniya dövləti pravoslav Serbiyanın müdafiəsi məqsədilə geniş səfərbərlik həyata keçirərək Rusiya, onun Antanta üzrə müttəfiqləri Fransa və İngiltərə ilə müharibə vəziyyətinə girir. Almaniyanın Belçika ərazisindən Fransaya, Rusiyanın Şərqi Prussiyaya hücumunun külli insan tələfatına səbəb olmasından sonra Yaponiyanın Antanta, Türkiyənin isə Almaniya–Avstriya blokunda birləşməsi müharibəni daha da qloballaşdırdı. Sonrakı mərhələdə İtaliya və Rumıniyanın Üçlər ittifaqına, Amerika Birləşmiş Ştatlarının isə Antantaya qoşulması bütün Yer kürəsini lərzəyə gətirdi. Əsrin əvvəllərindən intensiv şəkildə Almaniyanın əsas siyasi və hərbi müttəfiqinə çevrilmiş Türkiyənin hakim İttihad və Tərəqqi partiyasının liderlərindən bir çoxunun bu ölkə ilə yaxın əlaqələri və xüsusən bir neçə il hərbi attaşe kimi Almaniyada çalışmış Ənvər Paşanın II Vilhelmlə şəxsi dostluğu münasibətlərə emosional çalar da verirdi. Həmin dövrdə Rusiyanın ərazisi sayılan Azərbaycan ictimai fikrində ölkənin müharibə apardığı düşmən tərəfə rəğbətin gündən-günə artması paradoksal vəziyyət yaradırdı. Mətbuatda gedən məqalələrdə Birinci Dünya Müharibəsində ərazilərin yenidən bölüşdürülməsi prosesində Azərbaycanın gələcək qazanc imkanları müzakirələrə çıxarılırdı.

20 dekabr 1914-cü ildə Rusiyanın Osmanlıya müharibə elan etdidə ertəsi gün türk qoşunları Ənvər Paşanın komandanlığı altında Qars-Batum istiqamətində Qafqaza Cənubi Qafqazla bərabər Cənubi Azərbaycan ərazisinə daxil oldu. Qara dənizdə üstünlük qazanan çar donanmasının Osmanlıya ərzaq, döyüş sursatı və pal-paltar gətirən gəmilərin batırması səbəbindən hələ də qış geyiminə keçməyən ordunun təhcizat məsələsi bərbad idi. Sarıqamış əməliyyatından əvvəl Allahu-Əkbər dağında, dondurucu bir şaxtada silah-sursat yoxluğundan əziyyət çəkən 90 minlik ordunun əsgərlərini romantik pafoslu çıxışı ilə qarşıdakı düşmənin imkanlarını nəzərə almadan Qafqazlara səsləyən Ənvər Paşa Osmanlı tarixinə 78 min əsgərin (rusların itkisi 26 min idi. A.D) məhv olub, donub əsir düşdüyü Sarıqamış faciəsinin günahkarı kimi düşür.
1 yanvar 1915-ci ildən başlayaraq Türkiyənin hərbi naziri Ənvər Paşanın əmisi Xəlil bəyin rəhbərlik etdiyi Türk Ekspedisiyası Korpusunun İranın Təbriz, həmin ilin yazında isə Urmiya əyalətlərinə daxil olması şimallı-cənublu bütün Azərbaycanda ruh yüksəkliyi ilə yanaşı, rus qoşunlarına qarşı mübarizə üçün də real şərait yaradır. Həmin ildə Almanlarla dövlət səviyyəli münasibətlərini davam etdirən Ənvər Paşanın adı vaxtilə yaşadığı Potsdam şəhərindəki, 1901-ci ildə tikilib, 1945-ci ilin yayında partladılacaq körpüyə verilir.

23 aprel 1916-cı ildə isə türk ordusunun Süveyş kanalına yürüşündə ingilis süvari alayının əsir alınması dünyanın Şərqə münasibətini dəyişir. Tezliklə Rusiyada baş verən inqilabın nəticəsində bu ölkənin xarici siyasətinin arxa plana atılması Turan səltənəti xəyallarının gerçəkləşməsinə imkan verir. Bu ideyanın reallaşması missiyasını üzərinə götürən Ənvər Paşanın cənub cəbhəsindən vaz keçərək şimala və şərqə üz tutması ərəb dünyasında ingilislərin əl-qol açmasına şərait yaradır. Həmin ilin sonunda türk torpağını zəbt etmiş iki yüz minlik qoşunundan otuz mininin itirilməsi fonunda Dardaneldən silah keçirə bilməyən rus ordusunun məğlub olması çarizmi məhvə uğradan əsas səbəblərdən biri olur.

15 dekabr 1917-ci il də gənc dramaturq Cəfər Cabbarlının “Ədirnə fəthi” pyesinə H.Z. Tağıyev teatrının səhnəsində quruluş verən Abbas Mirzə Şərifzadə Ənvər bəy rolunu da uğurla ifa edir. Əsərdə mücərrəd ideya daşıyıcısı Şeyxin dilindən səslənən: “Çağırın, İtaliya kimi qüvvətli bir hökumətin 3 yüz minlik müntəzəm ordusunu… bir ovuc çılpaq ərəblərlə taru-mar еdib, dənizlərə tökən Ənvərləri, qoyunuz onlar da milləti ya büsbütün məhv еtsinlər, yaхud şərəf və namusla yaşatsınlar” (6.s.176) çağırışı baş qəhrəmanı səciyyələndirməklə yanaşı “olum ya ölüm” dilemması konkretləşdirilən ədalətin bərpasına deyil, romantik milli qürurun qorunmasına yönəlir. Pyesdəki son monoloqunda Ənvərin: “Еy qəhrəman türklərin igid balaları! Siz şanlı türk övladları olduğunuzu hеç hərbə girmədən bu qədər böyük məsafəni 3 günə piyada gəlirkən, sübut еtdiniz! Qardaşlar, biz Ədirnəyə kimsəni əzməyə gəlmədik, biz kimsəyə hücum еtmək, kimsəni tapdamaq istəmədik və kəndimizin də tapdanmamasına yol vеrmərik. Bunu görməkdənsə, ölümümüzü görmək istərik. Еy Şərq günəşinin hərarətli qoynunda bəslənən azad Asiyanın istiqanlı, igid balaları… Qarışqalar kimi ayaqlar altında tapdanmağa da həyatmı dеyirik? Хayır, türk olduğunu anlayan hər kəs, bunu qəbul еtməz! Yеrin üstündə yatmaqdansa, altında yatmaq daha gözəl dеyilmi?” (6. s.192) kəlmələri Rusiyanın inqilab dalğasından vəcdə gələn çıxış yolunu türk birliyində görən gənc, romantik müəllifin mövqeyinə çevrilir. Ənvər bəyin: “Bu gün Ədirnəni bütün Avropanın tələbinə rəğmən хilas еdən kimdir? Nədir biliyormısınız? Türk millətinin qəlbində oyanan intibah! Həqiqi bir insan kimi yaşayan intibahi bir hiss, intibah! Onu yaşadacaq və üzərinə bütün Avropa, bütün dünya qalхarsa, susdurmayacaqdır” xitabının qətiyyəti romantizmin keçmişlə öyünmə göstəricisini səciyyələndirir “Ola bilər bundan sonra bizi döysünlər, əzsinlər, fəqət naümid olmamalı, qorхmamalıyıq. İsbat еtməli və əmin olmalı ki, təsir altından qalхaraq, varlığıyla bütün dünyaya qarşı sеyr еdib dеyəcəklər: Ya Türkiyə şərəf qoynunda, ya Türkiyə ölüm qoynunda!” çağırışı şüarçılıqla süslənir və “Хalq: “Yaşasın Ənvər bəy” – dеyir” remarkasından sonra, əsas personajön: “Haydı qardaşlar, qəhrəman əsgərlər, yorulmuşsunuz, istirahətə. Yarın isə tərsa kilsəsinə doğru hərəkət еdəcəyik” (6. s..193) qərarı pyesi radikal islam ideyasında sonuclayır.

10 mart 1918-ci ildə Abbas Mirzə Şərifzadənin rəhbərliyi ilə “Bakı Müsəlman Aktyоrları İttifaqı” Şərqdə ilk prоfessiоnal teatrın yaranmasının 45-ci ildönümünü münasibəti ilə “İsmailiyyə” binasının zalında göstərdikləri, Cəfər Cabbarlının “Trablis müharibəsi və ya Ulduz” pyesinin strukturunda da müəllifin heyranlığının azaldığı Ənvər bəy mühüm yer tuturdu. Pyesdə İzzət paşanın dilindən səslənən: “Ənvər, oğlum! Siz çoх sərtsiniz. Bir dəfə diqqətlə vəziyyəti еlə ölçərsiniz, yüzə bеş yüz çəkilmək məcburiyyəti hasil olur. Biz ölümdən qorхmayırıq. Fəqət nəticəsiz qırılmadan nə fayda?” (6. s.141) cümlələri sənədli personajın xasiyyətini müharibədəki məqlubiyyyətin səbəbi kontekstində qabardır. Digər personaj, Harisin dostuna: “Şüеyb, mənim də əlim onun üçün soyumuş! Mən də istərəm düşmənlə üzbəüz durub, açıq çarpışaraq, məğlub еdəsən. Fəqət italyanlar bilirlər ki, İzzət paşa şəhəri saхlamaz. Şəhər altında müharibə olursa, ancaq Ənvər еdəcəkdir. Onda da qüvvəsizlikdən bir şеy еdə bilməyəcəksə də, fəqət əvvəlcə onu öldürməklə, minlərlə əsgərlərini ölümdən qurtarmaq istəyirlər” (6. s.142) dəyərləndirməsi romantik qəhrəmanın əvəzolunmazlığını qabardır. Harisin mətnindəki: “Hərbi aparan Ənvərdir. Orada cəbhə хəttini yarıb arхamıza kеçən və toplarımızı susduran da odur” informasiya dəyərləndirməni davam etdirsə də: “Mən onun sеvgilisini qaçırmışam. O mənim qanıma susayır. Bəlkə də buraya ardımca gəlmişdir. Fəqət mən ondan qabaq, onu öz sеvgilisinin qabağında öldürmək istəyirəm (6. s.149) cümlələri melodrama üçbucağının şəxsi motivini önə çəkməklə ictimai faktoru arxa plana atan romantizmin mahiyyətini qoruyur. Ramizin: “Biz əvvəl qarşımızda başlı-ayaqlı bir düşmən olduğunu zənn еdib, çəkildik, sonradan yatmışkən öldürtmək istədiyiniz Ənvər gəlib, qarşımızdakı bir düşmən dеyil, ancaq və ancaq qadınlara səcdə еdən və Kamança çalmağı bacaran romalılar olduğunu anlatdı. Biz də müqabiləyə başladıq” izahı isə romantizmin milli mənsubiyyət heyranlığı kimi digər faktoruna söykənir. Romantizm ruhunda şzündən əvvəl səsi gələn Ənvərin: “İstiqamət, qarşıdakı qazmalar! Əsgər, hücum! Allah! (Əsgər səhnədən kеçir, özü də əlində qılınc) Haydı, qardaşlar, irəliyə! Allah! (Müхtəlif komandalar, toplar, tüfənglər…” (6. s.153) kimi qırıq mətni, məntiqsiz remarkası sadə strukturlu romantizmə sədaqətini melodrama janrında qoruyur.

Gənc C.Cabbarlının İtaliya, Balkan və nəhayət, Birinci Dünya Müharibəsi dövründə türk xalqının istiqlal mübarizəsinin ən gərgin məqamlarını əks etdirən «Ədirnə fəthi» (1917), «Trablis müharibəsi yaxud Ulduz» (1918) pyesləri mövzu baxımından Asim Hacı Əbdürrəhmanzadənin «Ədirnə müharibəsi, yaxud qəhrəman Şükür paşa», Rəhim Məmmədzadənin «Ənvər bəy, yaxud Kamil paşa kabinəsi», Namik Kamalın «Osmanlı müharibəsi», Məmmədbağır Əliyevin «Kamil paşa və yeni türklər» kimi pyesləri ilə eyni mövzuda və strukturda olsalar da, onlar Yaxın və Orta Şərqin milli azadlıq hərəkatı, xüsusən o dövrün ictimai həyatında təlatüm yaradan Türkiyə problemlərinə biganə qalmayan müəllifin yaradıcılığının romantizm mərhələsinin məhsuludur.

Birinci Dünya Müharibəsindən sonra ərazilərini əldən verən osmanlılar inqilab nəticəsində Rusiyanın parçalanmasından istifadə edib ötən əsrdə Türkiyənin itirdiyi yerləri qaytarmaq fikrinə düşdülər. Bu dövrdə çiçəklənən turanizmin romantik ideyalarından ruhlanan Ənvər Paşa itirilməkdə olan səhralar əvəzinə tarixi ərazilərin birləşdirilməsinin vaxtı gəldiyini dərk edirdi. İttihad və tərəqqi komitəsinin Qafqaz şöbəsinin göndərişi ilə 1918-ci ilin martında məxfi tapşırıqla Bakıya gələn Həsən Ruşeni buradakı həmfikirlərinin köməyi ilə Şimali Qafqazda və Türküstanda turançılıq ideyasının tərəfdarları ilə əlaqə qurmuşdu. Turanizmin liderlərindən Diyarbəkirdə kürdçülükdən vaz keçib türkçülüyün qatl tərəfdarına çevriləna Ziya Göyalp tarixi ərazilərdə yaşayan türklərin birliyini zəruri sayır, panislamist Əhməd bəy Ağaoğlu Rusiya müsəlmanlarını türk milli hərəkatına çağırır, Qafqazı qədim türk yurdu adlandıran Əli bəy Hüseynzadə isə burada ya federativ, ya müstəqil müsəlman və gürcü dövlətləri yaradılmasına, ya da ki, türklər yaşayan ərazilərin Türkiyə ilə birləşdirilməsinə tərəfdar çıxırdı. Lakin həmin dövrdə daxili və xarici siyasətini tam müəyyənləşdirməyən Osmanlı diplomatiyası Zaqafqaziyanın müstəqilliyinə daha böyük maraq göstərirdi. Çünki iqtisadi cəhətdən zəif dövlət olan Türkiyənin parçalansa da, güclü resurslara malik Rusiya ilə bufer zonası yaratması keçid dövrü üçün strateji cəhətdən də maraqlı idi.

15 aprel 1918-ci ildə rus imperializminin zülmündən təngə gələn acar türklərinin iştirakı ilə osmanlıların Zaqafkom ilə səkkiz günlük davası nəticəsində Acarıstan qırx ildən sonra yenidən Türkiyə ilə birləşdi. Həmin gün eyforiyada olan müsavatçıların Gəncədə keçirilən toplantılarının qətnamələrində silahlı dəstələrin yaradılması və türklərin köməyə çağırılması məsələsi öz əksini tapdı. Əhməd bəy Pepinovla Trabzonda danışıqlar aparan Məmmədhəsən Hacınski burada Ənvər Paşayla görüşdə gürcü–türk münaqişəsinin həllinə də yönələn yeni sülh təşəbbüsü ilə çıxış etməklə diplomatiya sahəsindəki bacarığını nümayiş etdirdi. Türkiyənin Batuma üzərində hüququnun Rusiya tərəfindən tanındığını önə çəkən Ənvər Paşa qondarma erməni siyasətinə uymaqla türklərə düşmənçilik mövqeyində durmayacaq Gürcüstanın müstəqilliyini qəbul edir. Həmin görüşdə M.Hacınski müstəqil Ermənistanın yaradılacağı məsələsinə türklərin münasibətini öyrənmək istədikdə Ənvər Paşanın ermənilər ingilis–rus siyasəti naminə türklərə qarşı fitnə-fəsada son qoyarsa, Türkiyə onların erməni dövlətinin yaradılmasının əleyhinə çıxmayacağını bildirməsi Osmanlı imperiyasının bu millətə qarşı düşmən mövqedə olmadığına tutarlı sübutdur. Bu ərəfədə Batumun tutulmasından sonra seym Vəhib paşanın sülh danışıqlarının bərpası təklifinə müsbət reaksiya verdi və federativ hökumətin yaradılması reallaşdı. M.Ə.Rəsulzadə Müsavat partiyası adından Dağıstanla ittifaq və Bakının xarici casuslardan təmizlənməsi məsələsini qəti şəkildə həll etdi.

31 aprel 1918-ci ildə Almaniyanın İrandakı sabiq konsulu professor Q.Şreyder öz hökuməti ilə Azərbaycan arasında vasitəçi olmağa razılıq verdikdən sonra M.Hacınski Trapezund sülhməramlı nümayəndə heyəti tərkibində Ənvər Paşa ilə danışıqlar aparır. Bu ərəfədə özləri üçün təhlükəni cənubdan görən gürcü menşeviklərindən və erməni daşnaklarından fərqli olaraq, azərbaycanlı müsavatçılar Rusiyaya bel bağlamaqdan çəkinirdi. Məhz bu fikir ayrılığı strateji məqsədlərin həyata keçirilməsi üçün taktiki gedişlər tələb edirdi.

2 iyun 1918-ci ildə Birinci Dünya Müharibəsi illərində Şimali Afrikanın Liviya cəbhəsində komandir olmuş minbaşı Nuru paşanın təlimatına əsasən «müstəqil Azərbaycan islam dövlətinin xahişinə uyğun olaraq» müsəlmanların bolşeviklərdən xilası üçün hərbi əməliyyata başlamaq nəzərdə tutulsa da, bir sıra müsavatçıların ümumi düşməndən gözlənilən təhlükə qarşısında tərəddüd etmələri məsələni uzadırdı. Yalnız Nuru paşanın dost ölkənin siyasi işlərinə qarışmaqda dözümlülük göstərməməsi gənc ölkənin gələcək taleyini müsbət həll etdi. Azərbaycanın müstəqil dövlət olması Ənvər Paşanın Zaqafqaziyadakı panturanizm siyasəti ilə üst-üstə düşməsə də, mayın sonunda onun ana bir, ata ayrı qardaşı Nuru paşa komandanlıq etdiyi İslam Ordusu qərargahını yaratmaq üçün Gəncəyə gəlir. Onunla görüşdə Cumhuriyyət liderlərindən Məmmədbağır bəy və Nağı bəy və Şeyxzamanlıların böyük bacısı Münəvvər xanımın oğlu, gənc folklorçu Salman Mümtaz Məhəmməd Əmin oğlu xilaskar sərkərdəyə həsr etdiyi:

“Səmada yıldırım tek parlayan dəm tiğinin berqi
Işıqlandırdı şemsasa seraser alemi – Şarkı,
Nisarı – xaki – payınçün düzüldü bin güzel şərqı
Benim naçiz şeirimle veli var onların farqi
Mübarek vəchini görcek tapar əşarımız zivər,
Yaşa, ey gaziyi – əzam, yaşa, ey möhtəşəm Ənvər!”

sətirləri ilə tamamlanan “Ənvəriyyə” şeri gündəmə gəlir… Şair-publisist Əliabbas Müznibin (Əhmədov) «Hürriyyət qəhrəmanı, Ədirnə fatehi və Dardanel müdafei» epiqrafı ilə yazdığı «Qazi Ənvər Paşa» şerində Bakını daşnak-bolşevik qırğınına məruz qoymuş Şaumyanı qaçmağa məcbur edən «türk elinin qüvvəti», xilaskar ordu komandanı şərəfinə söylədiyi: «Türkün qolu, türkün gücü, türkün qılıncısan, Binlər yaşa bu şan ilə, ey sevgili Ənvər»- sözləri dillərdə əzbər olur…
15 iyun 1918-ci ildə artıq Gəncə ətrafında olan Qafqaz İslam Ordusu qüvvələri geniş miqyaslı döyüşlərə hazırlaşmağa başladılar. Ənvər Paşanın müdafiə naziri olması, qardaşı Nuru paşanın hərbi manevrlərlə yanaşı, siyasi gedişlər də etməyə şərait yaradırdı. Məhz Osmanlı Türkiyəsinin daxili və xarici siyasətini tənzimləyən İttihad və Tərəqqi partiyasının strateji maraqlarını önə çəkən Nuru paşanın panislamizmin banisi Əhməd bəy Ağaoğlunu və xüsusən Gəncəbasarda böyük nüfuzu olan, bu firqənin başçısı doktor Qarabəy Qarabəyovu özünə müşavir təyin etməsi Qafqazdakı hərbi-siyasi manevrlərdəki səhvləri minimuma endirməyə xidmət edirdi.

14 oktyabr 1918-ci ildə atəşkəs şərtlərini yüngülləşdirmək naminə istefa verən Tələt Paşa hökumətində hərbi nazir vəzifəsin itirən Ənvər Paşanı həmin ərəfədə “Vatan ne Türkiye’dir Türklere, ne Türkistan; Vatan büyük ve müebbet bir ülkedir: Turan” (7. s.5) sətirlərinin çağırışa çevrildiyi “Türkçülüğün əsasları” əsəri ilə turançılığın parlaq simalarındən birinə çevrilən Ziya Gökalp bu romantik ideyanı gerçəkləşdirəcək güvənli, iradəli, imanlı və ümidverən bir ümummilli qəhrəman olaraq görürdü.

3 noyabr 1918-ci ildə, İgilislərin İttihad və Tərəqqiçilərin həbsi qərarından sonra partiya silahdaşları ilə birgə Almanların xırda torpedo gəmisində Odessadan keçməklə Berlinə gedən, Hərbi məhkəmənin fərari kimi qiyabi edama məhkum etdiyi Ənvər Paşa real personaj kimi dramaturji kolliziyalar kələfində boğulan bədii qəhrəmanın həyatı yaşayır.

19 may 1919-cu ildə kompassız, xəritəsiz Samsuna yan alan «Pandorima» gəmisində Sultan Vəhdəddin VI Mehmedin ittifaq dövlətlərinin zorakılığı ilə bölüşdürülən Şərqi Anadoluda qayda-qanunu bərpa etmək üçün göndərdiyi, hamının Ənvər Paşanın rəqibi kimi tanıdığı Mustafa Kamalın sultan iradəsinin əksinə olaraq təşkil etdiyi milli mitinqləri və əhalinin beynəlxalq hüququn tərkib hissəsinə çevrilən qərar və etiraz məktublarının status qazanmaları yeni dövlətçiliyin başlanğıcı oldu.
Birinci Dünya Müharibəsindən sonra artıq real dayaqlardan məhrum olan turançılıq ideyasının həyata keçirilməsi üçün döyüşən Nuru paşa və Ənvər Paşanın Türkiyəyə yeni qələbələr qazandırmaq istəkləri romantik görünürdü. Bu ərəfədə Nuru paşanın qısa müddətli sülh sazişinə görə Osmanlı qoşunlarını şimaldan təcavüz gözləyən Azərbaycanın ixtiyarına verməyə çalışması isə Qərb imperializminə qarşı mübarizə aparan Gənc türklərin Sovet Rusiyası ilə əməkdaşlığı fonunda perspektivsiz görünürdü.

Birinci dünya müharibəsindən sonra Ənvər Paşa xanımı Naciyə Sultanla, Mahpeykər (1917–2000), Türkan (1919–1989), Əli (1920–1971) adlı üç körpə uşaqlarını Almaniyaya köçən qardaşı Kamil Killigilə əmanət etməklə Türkistanla bağlı tarixi missiyasını həyata keçirməyə qərar verir. Və son vəsiyyətində amalı uğrunda həyatına son qoyularsa xanımına və uşaqlarına sahib çıxmağı qardaşına tapşırır… (Ərinin ölümündən sonra qərib diyarda qaynına ərə getmək zorunda qalan Naciyə Sultanın Kamil bəydən Rana Eldem (1926–2008) adlı bir qızı da doğulur)

1919-cu ilin iyul-avqust aylarında Ərzurumda keçirilən Şərq Əyalətlərinin Hüquqlarını Müdafiə İttifaqının iclasında Mustafa Kamalın bolşevizmi milli hərəkatın ideologiyası hesab etməsə də, bu ideya altında rusların xarici müdaxiləçilərə qarşı döyüşlərini qəhrəmanlıq adlandırması, yeni Türkiyənin qorunması naminə hələ beynəlxalq aləmdə tanınmayan Azərbaycan Respublikasının mənafeyinin az əhəmiyyətli görünməsinin məntiqi mənzərəsini yaradırdı. Üstəlik Sovet Rusiyasının Türkiyəyə hərbi köməyinin Azərbaycan Cümhuriyyətinin ərazisi vasitəsilə həyata keçirilməsi fikri bu gənc respublikanın gələcək taleyini indidən sual altına qoyurdu. Yenicə qurulmuş Azərbaycan dövlətinin başı üzərində domokl qılıncı kimi asılan Rusiyanın işğalçılıq siyasəti müstəqillik hüququnun tam bərqərar olmasına imkan vermirdi. Hələlik Qızıl Ordu qüvvələrinin digər coğrafi regionda vuruşması bir sıra vacib əhəmiyyətli məsələlərin həllinə şərait yaratsa da, bütövlükdə müstəqillik tam hüquqi həllini tapmamışdı. Özünün tarixi torpaqlarına sahib durmaq istəyən respublikanın 113,9 min kv.km ərazisinin 16,5 min kv.km-nin mübahisəli vəziyyətə gətirilməsi Rusiyanın Qafqaz strategiyasına uyğun siyasi alət kimi bütün həlledici məqamlarda istifadə olunurdu. Onu da qeyd edək ki, ərazimizin sonrakı illərdə tədricən zəbt edilərək 86,6 min kvadrat kilometrə qədər azalması və növbəti müstəqillik illərində təcavüzə məruz qalaraq yenidən işğal olunması bədnam tarixin təkrarlanması, həmçinin işğalçı siyasətin davamı kimi anlaşılmalıdır.

2 yanvar 1920-ci ildə üzüntülərdən yatağa düşsə də həyat yoldaşına məktub yazmağa güc tapan Naciye Sultanın: “Kıymetli Enverciğim!.. Doktorlar hastadır diye rapor verdikleri halde bu hain İngilizler bana izin vermiyor, beni ölüme mahkum ediyor. Oh! Enver bütün bu hakaretleri yaptıran o amcam olacak hain adamdır. Fakat olsun, ben müteessir değilim. Senin varlığın bana bütün acılarımı unutturuyor. Senin selametin, afiyetin için her an Allahıma yalvarıyorum. Of! Sevgili Enver minimini yavrularını görsen ne kadar seveceksin. Hele Mahpeyker, o bedbaht çocuk Neneciğim babam nerede? diye resmini öpüyor. Eğer sana getirirsem hiç yaramazlık etmeyeceğini bana yalvararak söylüyor. Oh! Enver böyle damla damla can acısı çekmektense ölmeyi, bu menfur,riyakar insanlardan kurtulmak için bin kere tercih ederim. Fakat hayır Enver! Ben ölmek istemiyorum. Seninle bu acı günlerimizden intikam alarak, uzun seneler bahtiyar yaşayacağız, değilmi Enverim?” sətirləri psixoloji məngənələrdə sıxılan qadının, ananın gələcəyə ümidinin son qığılcımlərını yaradır.

12 fevral 1920-ci ildə sovetlərin səlahiyyətli nümayəndəsi, milliyyətcə erməni olan xarici işlər naziri Karaxanın vasitəsi ilə Leninin qəbuluna düşən Turan ideyasının simvoluna çevrilən generalisimus Ənvər Paşanın müvəqqəti olaraq Moskvada məskunlaşması siyasi hadisələrin inkişafında dönüş nöqtəsi oldu. İdeyasına nifrət etdiyi bolşevik silahlarından bəhrələnməklə öz məqsədini gerçəkləşdirmək istəyən Ənvər Paşa istər-istəməz sovetlərin Şərq siyasətinin həyata keçirilməsi yoluna işıq salırdı. Qeyd etmək lazımdır ki, vaxtilə Türkiyədə Gənc türklər hakimiyyətində məsləhətçi olmuş, milliyyətcə yəhudi Almaniya vətəndaşı Aleksandr Parvus alman kapitalı hesabına Rusiyada vətən müharibəsini vətəndaş qırğını ilə əvəzləyərək inqilabın rəhbərinə çevrilməsində hamilik etdiyi Leninə bolşevizmin Şərqə ixracında Ənvər Paşadan bəhrələnməyi tövsiyə etmişdi.
1 sentyabr 1920-ci ildən Bakıdakı Dövlət Opera Teatrı binasında V.İ.Leninin təşəbbüsü ilə bir həftə ərzində keçirilən Şərq Xalqlarının Birinci Qurultayında otuz yeddi millətin min səkkiz yüz nümayəndəsi və o cümlədən, Türkiyədən Mustafa Sübhi, İrandan Heydərxan Əmiroğlu, İngiltərədən Harri Kvelç, Macarıstandan Bela Kun, ABŞ-dan Con Rid kimi beynəlxalq miqyasda tanınmış inqilabçılar da iştirak edirdilər. Türkiyədən nümayəndə kimi gəlmiş Əli bəy Hüseynzadə də bu qurultayda idi. Tədbiri açan, 1906-cı ildə RSDFP-nin proqramını ana dilinə tərcümə etmiş Nərimanov Nərimanov burada iştirak edən 38 xalqın 2000-dən artıq nümayəndəsini salamlayır. Kommunist ideyalarının ixracı məqsədini güdən qurultayda, insanın taleyini Allahın müəyyənləşdirdiyinə inanaraq yeddi arşınlıq kəfənlikdən ibarət çalmanı başında gəzdirən asiyalı marksizm ideoloqu Zinovyevin boş vədlərinə inana bilməzdi. Qurultayda iştirak edən Məhəmməd Əsəd bəylə, Volfanq fon Vayslın təqdimatındakı: «Zinovyevin patetik nitqi zamanı qəflətən bütün nümayəndələr Ənvər Paşanın daxil olduğu qapıya axışdılar, diz çöküb onun əlini öpdülər» (8. s.225) – sözlərində qonaqlar arasında xüsusi nüfuz sahibi olan Ənvər Paşanın iştirakının yaratdığı təlatüm əks olunur. Qurultayda çıxışına icazə verilməyən Ənvər Paşanın mətnini tərcüməsinin Ostrovski soyadlı bir bolşevikin oxuması çaşqınlıq yaradır. Gecə qaldığı otelə çatarkən ÇK-nın qərarı ilə Reissicin tapançadan açdığı atəş Ənvər Paşadan yan keçsə də, yaxalanan cinayətkar həbsdən azad edilməklə fövqəladə komissar kimi Daşkəndə göndərildi. Sovet Rusiyasının Şərq dünyasına riyakar münasibətini anlayaraq Türküstana üz tutan Ənvər Paşanın: “İndi daha anlayıram ki, idealımı gerçəkləşdirmək üçün imperializmin boyunduruğu altında əzilən xalqların qurtuluşu üçün, öncə bu xalqlar üzərində rus imperializminə son verməliyik” qərarı təfəkküründəki dönüş məqamını səciyyələndirir.

18 dekabr 1920-ci ildə Ənvər Paşanı macəraçı avantürist sayan Atatürkün Leninə vurduğu teleqramdakı: «Mən arzu edilən məqsədə ancaq sıx əməkdaşlığımız sayəsində çatacağımıza möhkəm əmin olaraq, bizi bir-birimizə bağlayan dostluq əlaqələrinin gələcəkdə hər hansı şəkildə möhkəmlənməsini alqışlayıram, istər Şərqdə, istərsə bütün dünyada sizin yüksək təşəbbüsünüzlə Sovet Respublikası tərəfindən yeridilən uzaqgörücü siyasət üçün öz dərin minnətdarlığımı bidirirəm» (9. s.497) – fikirləri əslində Azərbaycanın işğalından sonra Türkiyəni istiqlal mübarizəsinə qaldıran sərkərdəni dövlət xadiminə də çevirən diplomatik bir addım kimi görünür… Tədricən avtoritarlığa əsaslanan hakimiyyətini bərqərar edən sovetlərin Allahsızlıq prinsipinin marksist rəhbərləri bütləşdirməklə əvəzlənməsi reallığı açıb göstərirdi və çıxardığı nəticələr əsasında Basmaçılar hərəkatını yaradan Ənvər Paşanın rus işğalına məruz qalmış Turan ərazilərinin himayədarına çevrilməsi təbii idi. M.V.Frunze və S.M.Budyonunun süvari ordularına üç il sinə gərən, yerli qüvvələr hesabına güclənən Ənvər Paşa romantizmə xas mifik qəhrəmana çevrilərək şanlı türk tarixinə həkk olunurdu.

15 fevral 1922-ci ildə Orta Asiyada nüfuz sahibinə çevrilən Ənvər Paşa Düşənbədə düşmən qarnizonunu əsir götürməklə rusların Buxara və Xorasandan geri çəkilməsini tələb etsə də, Kafiran döyüşündə məğlub olaraq dağlara çəkilir.

25 iyul 1922-ci ildə ölümündən on gün əvvəl Berlinə yazdığı son məktubunda: “Naciyeciğim, sevgili sultanım, cici efendiciğim! Bugün pek sıkıntılı bir hava, tuhaf bir sis, güneş görünmüyor. Düşmanda hareket yok. Henüz sabah. Afgan emirine, askerlerin ve yardımların çekilmesinin iyi olmadığını ve bolşeviklere güvenilmeyeceğini bildirdim. Hiç olmazsa sağlık ve diğer malzemelerin geri verilmesini istedim. Bakalım sonu ne olacak?
Dua et! Artık, ancak tam bir başarıdan sonra dönerim. Allah bu büyük işte de
utandırmasın. Sen bu biçare Türklük ve İslam alemi için dua et Naciyem!
İşte efendiciğim, şu son satırlarımı yazarak mektubumu kapıyorum. İçine, buranın her gün sana yolladığım yabani çiçeklerinden başka, kaç gecedir altında yattığım karaağaçtan kopardığım ufak bir budaq da gönderiyorum. Seni Hudanın birliğine yavrularımla beraber emanet ederim; ruhum, efendiciğim… Karaağaca bıçağımla ismini yazdım…” (10. s.378) sətirləri hissiyat gerçəkliyi üzərində qərar tutan romantik qəhrəmanın monoloquna çevrilir.
4 avqust 1922-ci ildə Daşnaksütunun üzvləri, bolşevik agentləri Akop Melkumov və Georgi Ağabəyovun satqınlığı ilə Tacikistanın Çaqan qışlağı həndəvərindəki qərargahının yeri məlum olduqda «qılıncını sıyıraraq otuz zabitlə otuz min düşmənə hücum çəkən», Quran surəsini ucadan səsləndirərək «heyvərə rus əsgərinin qılıncı ilə başını sol çiyni ilə bərabər itirən» (8. s. 241) Ənvər Paşanın, ideya uğrunda şəhidliyi əfsanəyə çevrilir. Düşanbənin 200 kilometrliyindəki Belçivan rayonunun Obtar kəndindəki qol-budaqlı bir ceviz ağacı altındakı məzarı müqəddəs ocağa dönür.
18 iyul 1925-ci ildə birinci, bir il sonra ikinsi hissəsi nəşr olunan, Adolf Hitlerin alman faşistlərinin ana yasası sayılan “Mənim savaşım” kitabında ölkəsinin Birinci Dünya müharibəsinin bədnam məğlubiyyətini: “O möhtəşəm tarixi məqam gəldi ki, dünənki müttəfiqlər ertəsi gün əsl düşmənə çevrildilər. Əfsus ki, müttəfiqlərin ikinci balkan müharibəsində gözlənilmədən üzbə-üz səngərlərdə qarşılaşmaları səmərəli nəticə vermədi. İş elə gətirdi ki, Almaniyanın öz Ənvər Paşası deyil reyxskansler Kunosu oldu” (11. s.592) yazmaqla türk sərkərdəsinin rəşadətini yüksək qiymətləndirdiyi Ənvər Paşanın məzarından əlavə Orta Asiyanın müxtəlif tərəflərindəki yeddi türbəsi 1930-cu illərin ortalarına qədər ziyarətgaha çevrilir. Türk dünyasında doğulan oğlan uşaqlarının bir çoxuna Ənvər adı qoyulur…
1930-cu ildə Atatürkün istəyi ilə yaradılan görüntü müxalifətinin rəhbərliyində təmsil olunmaqla nəhayət ki, publisistikasındakı tənqidi realizm cərəyanına qayıdan Əhməd bəy Ağaoğlunun 1931-32-ci illərdə yazsa da, ölümündən on bir il sonra nəşr edilən «Sərbəst firqə xatirələri» əsərindəki: «Bizdə cümhuriyyətdən ən uzaq bir nişanə də yoxdur. Bizdəki rejim tam mənası ilə ən şiddətli diktatorluqdur ki, bunu da hamı bilir. Lakin, buna baxmayaraq hamı hürriyyətdən, cümhuriyyətdən bəhs edir, hər kəs sərbəst cümhuriyyət olduğunu söyləyir, iddia edir. Bu elə qarşılıqlı aldatmadır ki, məmləkətin bir ucundan o biri ucuna kimi davam edərək gedir. Ortada nə inanan var, nə inam! Beyin boşluğu, ürək boşluğu, ruhi boşluq içərisəndə boş bir varlıq yuvarlanıb sürünür. …Ah! Şərqin bu riyakarlığı! Sözlərin altında gizlənərək vahiməni mövcud, xəyalı gerçək kimi göstərməkdən çəkinməmək» (3. s.42) kimi üsyanı siyasi rəqiblər və hətta, xilaskarlıq missiyasına görə kütlənin sitayiş etdiyi Atatürkün özü tərəfindən belə təftişçilik kimi dəyərləndirilirdi. Elə həmin əsərdə Ə.Ağaoğlunun Fransız müxbirinin adından yazdığı «Bir məmləkətdə müxtəlif firqələrin və müxtəlif cərəyanların yaşaya bilmələri üçün o məmləkətdə ədalət hissinin inkişafı vacibdir. Sizin məmləkətdə isə bu hissin varlığına inanmıram. Mən küçədə vətəndaşlarınızı polisin döydüyünü və buna qarşı əksəriyyətin tamaşa etdiyini gördüm. Belə bir məmləkətdə iki firqə yan-yana yaşaya bilməz» (3. s.113) fikri artıq demokratiya və bazar iqtisadiyyatının sənət ekvivalenti sayılan modernizm cərəyanının təzahürüdür.

Atatürkün başçılıq etdiyi Cümhuriyyət Xalq Partiyası ilə müxalif olan yeni bir partiyanın yaradılması diktatura istiqamətini demokratiyaya yönəltmək missiyası daşısa da, səmərəli nəticə vermədi. Professor Vilayət Quliyevin yazdığı kimi: «Tək partiyalılığın respublika şəraitində belə son nəticədə diktaturaya apardığını görən Atatürk Amerika modeli ilə hərəkət etmək, rejimin əsaslarını qorumaq şərtilə bir-birinə qarşı dayanan və bir-birinin fəaliyyətini nəzarət altında saxlayan, hakimiyyətdən sui-istifadə hallarına yol verməyən iki partiya qurmaq istəyirdi. Lakin həmin partiya kütlələrin siyasi şüurluğu və iradəsilə «aşağıdan» deyil, xüsusi tapşırıqla, kabinet şəraitində «yuxarıdan» yaradıldığından onun məhvə məhkumluğu göz önündə idi» (12. s. 43) qənaəti də, demokratiyanın sərbəst bazar, müdaxiləsiz seçki və nəhayət azad fikir kimi təməl prinsiplərini qabardır.

1952-cu ildə uzun illərin ayrılığından sonra atalarının adını soyad kimi qəbul edən Türkan, Mahpeyker, Əli ilə vətrənə qayıdan Naciyə Sultan hələ 1926-cı ildə qəbul olunan yasaya görə ömürlük maaşla təmin olunur və ölkəsinə qayıtmaq qadağası aradan götürülən kimi doğma yurda qayıdır və 4 dekabr 1957-ci ildə xərçəng xəstəliyindən vəfat edir.

4 avqust 1996-cı ildə ölümünün 74-cü ildönümü günündə Cümhurbaşkanı Süleyman Dəmirəlin sayəsində vətənə gətirilən Ənvər Paşanın ölkəsinin bayrağına bürünmüş cənazəsi İstanbulda Şişlideki Abidei Hürriyet təpəsində Talat Paşanın yanındaki məzara dəfn edilir. Zaman keçdikcə 1914-18-ci illərdə ölkəsində üç nüfuzlu simadan biri kimi coşqun romantizmi sayəsində türk-islam ideyası zəminində qurduğu ordunun döyüşkən ruhunun İstiqlal mücadiləsindəki rolu yetərincə dəyərləndirilən Ənvər Paşanın haqqında XXl əsrdə də yazılan bədii, tarixi əsərlərdən göründüyü kimi romantizmin nağıl qəhrəmanı kimi tarixi simanın real mühitdəki və bədii strukturdakı varlığı keçməkeşlidir. Müxtəlif tarixi mərhələlərin diqtəsi sayılan cərəyanların dəyişkənliyi konkret fərdlə yanaşı ədəbi personajı da ağır sınağa çəkir. Yaradıcılığında sentimentalizm, romantizm, sosrealizm kimi cərəyanlardan keçən Cəfər Cabbarlının da hələ repressiyalar başlamadan yaradıcılığının yetkin çağında dünyasını dəyişməsi bu dəyişkənliyə bağlıdır.

XXl əsr ədəbiyyatşünaslığı ötən dövrün sosioloji təhlilindən qalib çıxa bilənlərlə öyünməklə, ötən tarixi mərhələnin ədəbi cərəyanlarının müstəqil dövlətçiliyimizin yaranmasına xidmək ekvivalentini araşdırır. Və bu nəticəyə gəlir ki, cəmiyyət kontekstindən kənar romantizmin rüşeymindəki tərəqqi elementləri, tarix faktorunun üzərindən xətt çəkməklə reallığı qabardan, demokratiya və bazar iqtisadiyyatının sənət ekvivalenti sayılan modernizmin ərsəyə gəlməsində töhfəsini vermişdir.

Ədəbiyyat
Şahnəzər Hüseynov. Əhməd bəy Ağaoğlunun dünyagörüşü. B., 1998.
Kamal Talıbzadə. Azərbaycan ədəbi tənqidinin tarixi. B., 1984
Əhməd bəy Ağaoğlu. Seçilmiş əsərləri. B., 2007
Hüseynzadə Ə. Siyasəti-Fürusət. B., 1994
Namık Kemal. Vatan yahut Silistre; İ., 2004
Cəfər Cabbarlı. Əsərləri. 2-ci cild. B., 2005
Hikmet Tanyu. Ziya Gökalp; Kızılelma. A 1976
Məhəmməd Əsəd bəy, Volfanq fon Vaysl. Allahu əkbər. B., 1998
Atatürk Araşdırma Mərkəzi dərgisi. 2-ci cild, 5-ci say. A.,1986
Şevket Süreyya Aydemir. Makedonyadan Ortaasyaya. Enver Paşa. 3-cü cild. A.,1960
Адольф Гитлер. Моя борьба. М., 2003
Vilayət Quliyev. Ağaoğlular. B., 1998

Aydın Dadaşov,
professor

Başqa xəbəridə oxuyun

Troya atı ; “İran hizbullah zindanında” romanından Ayətullah Xomeynin Bakı planı hissəsi / Eluca Atalı

-Əgər Allah evinə çəkilən xərclər özünü doğrultmasa, onda necə olacaq? -Sən nədən bu qədər bədgüman …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir