Son Dəqiqə
Home / Məqalə / “İran hizbullah zindanında” romanından ;Vampir /Eluca Atalı

“İran hizbullah zindanında” romanından ;Vampir /Eluca Atalı

 

-Toyuğu bir nimçədə ədəb-ərkanla qoydular dərvişin qarşısına. Çirmədi qolunu, – imam növbə ilə əbasının uzun qollarını dirsəyə qədər qatalayıb çirmədi. – Amma yemədi aaa… Baxdı aşbaza, sordu sualını:

-Toyuğun harası yeməli?

Aşbaz cavab verdi:

-Ağayi dərviş, bunu hər kəs bilir!

-Səhvin var, tutaq, elə biri mən, əgər bu vaxta qədər toyuq yeməmişəmsə, hardan bilərəm, bu nə mənədi?

-Hə, derviş aşbazı salmışdı dərinə… – İmam rəvayətə öz şərhini belə verdi. – Amma aşbazda saqqalı tez əldən verən kişilərdən deyilmiş, dərvişə yaman tutarlı cavab verdi:

-Əgər acsansa, hər yeri!

Dərviş ikiəlli qapdı toyuğu, qaldırdı göyə:

-Yox, baba, bilmədin!

Ağzını açdı, yekə həvəy dişləri ilə qopartdı toyuğun dalın… – İmam danışa-danışa toyuğun dalına saldığı barmağını oynatmağa başladı. – Axı, bu dərvişlər də dildən pərgar olarlar, sözü hardan taparlar bir allah bilər. Ağzını marçıldada-marçıldada cavab verdi:

-Dərisi və gerisi!

İmam toyuğun yumurtasını yoxladığı barmağını heyvanın dalından çıxarıb barmağındakı nəcisi onun kürəyinə sürtdü.

-Ağa! – Dehqaninin imamı səsləməsi, onu aludə olduğu işindən əl saxlamağa vadar etdi.

-Buyur, oğul!

-Mən bu rəvayəti bir az fərqli eşitmişəm.

-Necə fərqli?

-Rəvayətə görə, toyuğu dərviş yox, şah yeyirmiş!

-Səhvin var… – İmam səsini qaldırdı, amma Dehqani inadından dönmədi.

-Ağa, məntiqlə də düz olmaz, bu rəvayət ki, Nuh dövrünə aiddir, elə o vaxt bütöv toyuğu şahlar yeyərdi!

İmamla köməkçisi arasında artan mübahisə Müntəzirinin əsəblərini yay kimi gərdiyini onun təsbehini hövsələsiz çevirib, arada:

– Sübhan Allah, Sübhan Allah! – deməsəindən sezmək olurdu.

-Nədən düz olmasın ki? – İmam köməkçisindən cavab gözləyərkən əlinin altından qaçmaq istəyən qara toyuğun xirtdəyindən yapışdı, nəfəs almayan toyuq xırıldadı,  pipiyi qızarıb qan rənginə çaldı.

-Dərvişin çiynində heybəsi olar, yeməyini, içməyini elə ora qoyar. Dərvişdə pul hardandı ki, gedib meyxanadə bütöv toyuq sifariş verə.

-Gəda, sən səddə səd səhv edirsən! Dərviş aşxanaya girdi ya girmədi, bilmirəm, amma şşş… ilə başlayan zəhrimar bu otağa girə bilməz! Bilməz… – İmam əlinin arxası ilə kiməsə otaqdan çıxmaq işarəsi verirmiş kimi əlini bir neçə dəfə yellədi.

Müntəziridən fərqli olaraq, ş hərfinin kimə işarə olduğunu Dehqani dərk edə bilmədi. O üzdən ağa ilə söz güləşdirməkdə israrlı oldu.

-Ay bala, mübahisə etmə, sən imamdan çoxmu bilirsən? – Varis söhbətə qarışmaqla toyuğu kimin yeməsinin fərq etmədiyini hər ikisinin nəzərinə çatdırmaq fikrində idi. Amma nə fayda?  – Axı, hadisə elə cəryan etməyib? Gərək, hər şeyi öz adı ilə çağıraq da… – Kor atı minib köndələn çapmaqda inad göstərən köməkçi Müntəzirinin işə qarışmasını lüzumsuz saydı.  – Ağa sağ olsun, bu rəvayəti Sədi, ya Hafiz, hansındansa biri kitabında yazıb. Doğru deməsəm, ağa məni bağışlar, bilirsiniz ki, cəmi dörd sinif oxumuşam, çox dərin savadım yoxdur. Amma, bu yazılıb axı…

-Bəlkə, Firdovsi yazıb? – Ağanın bəlkəsindəki istehzanı görməmək korluq olardı.

-Bəlkə də, ağa. Mən dedim axı, cəmi-cümlətanı dörd sinif oxumuşam, onu da bitirmədim. Bitirərdim aaa, əgər  Qasım Süleymani ilə yan-yana oturmasaydım!

İmam Dehqaninin sözün kəsib, bir kəlməlik düzəliş etdi:

-General Qasım Süleymani!

-Hə də, ağa, onu deyirəm! Bir Qasımımız var da, ikincisi yoxdu ki ləqəbin, titulun saymamış kimliyin bilməyək… Elə hey deyirdi, gəl, qaçaq…. nə görmüsən axı bu mədrəsədə? Qaçıb tut bağına özümüzü vurardıq, barama üçün yarpaq yığardıq, yaxşı da pula gedərdi… Qasım şimpanze kimi dırmaşardı tutun təpəsinə, tullanardı budaqdan-budağa, lütəyərdi ağacı…  Dədəm xəbər tutanda ki, mən sinfi bitirməmişəm, bir şapalaq tolazladı qulağımın dibinə. Dedim, günah məndə deyil ki, Qasım günümü qara etdi. O da dedi, tünbətünün oğlu tünbətün, Qasımda ki, o fərasət var, səddə səd bir gün bu ölkəyə padişahlıq edəcək, ya da uzağı diplomat olacaq. Dedim, nətəhər olur dördü başa vurmayan adam, gedib padişah olur? Dedi, bu ölkəyə sahib olmaq üçün savad yox, fənd və fürsət gözləmək lazımdır.

Dedim, a dədə, inanma, o elə tut bağında girrənəcək! Dedi, necə inanmayım? İngilis atının peynini tövlədən bayıra külləyən mehtər Məhəmməd Rza külli İrana sahib olmadımı? Dedim, dağıl dünya, kaş, o dörd ilimi də hədər etməsəydim! Onda dədəm dedi ki, amma sən bu fərasətnən uzağı avtağa daşıyacaqsan, ya da uzaq başı İsfahanda eşşək otaracaqdan.

-Dədən uzaqgörənmiş, allah o kişiyə qəni-qəni rəhmət eləsin!

Dehqani bir də ağzını doldurub şərh vermək eşqinə düşəndə imam gərilmiş əsəblərinin hökmü ilə yumurladığı sol əlini var gücü ilə toyuğun belinə endirdi. Zavallı toyuq ətalətini saxlaya bilməyib ağrıdan döşəməyə çökdü, ürəkgöynədən  çığırtısı isə ibadət otağının divarlarına dəyib əks-səda verdi. Gerçəkdən toyuğun mərkəzinə endirilmiş zərbədən savayı imamın tarıma çəkilmiş əsəblərini heç cürə sakitləşdirmək mümkün olmazdı.

-Ağa, vallah…

Amma Dehqanini sözünü bitirməyə imam imkan verməyib:

-Şükür Allaha ki, sən cəmi dörd sinif oxumusan! Əgər mədrəsəni başa vursaydın, Misirdən o ata-balanın sür-sümüyünü bura gətirərdin.

İmam əli ilə bu dəfə astaca Misirdə dəfn olunmuş İran şahları üçün yeni məzarlıq kimi zavallı toyuğun belini göstərdi. Dehqani isə bir də ağzını açıb and-aman etdiyində, ağanın qətiyyətlə girə bilməz deməsindən Müntəziri qızardı, udqundu və köməkçinin də onun tək utanacağını gözlədiyi an tam əksinə oldu. O,  hırıldadı, nədəndisə bədheybət gülüşünü kəsmir, əksinə getdikcə ağzını geniş açıb boynunu arxaya qıvırıb gözlərini tavana dikdi.

Müntəzirinin sifətindəki ciddiyyət əvvəlkindən daha artıq dərəcədə özünü büruzə verdi: onun bədəninə qəfil vic-vicə girdi, elə bil canında ikinci bir can at oynatmağa başlamışdı –  sifəti dartıldı, nəfəsi çatmadı. Bədəninin onun idarəçiliyindən çıxdığına əmin idi, amma onu yenə əvvəlki kimi necə özününkü etməyə düşünəcək zamanı yox idi. O dartılan sifətinin əzələlərini ikiəlli asta-asta masaj etməyə başladı.  Çiy toyuq əti yeyən vampir gözlərində canlandı: yox, bu gerçək idi, ya Dehqani cildini dəyişmişdi, ya da vampir onu udub, onun yerində bərqərar olmuşdu.  O, toyuğu diri-diri iki hissəyə parçalamışdı, heyvanın başı qalan hissə tərpənir, gözləri ətrafa baxıb sankı onu əhatə edənlərdən yardım diləyirdi. Vampirin üst dişlərinin arasından iki böyük diş uzanıb bayıra çıxaraq ağzının bağlanmasına imkan vermirdi. Onun qanlı əlinə və ağzına qara toyuğun tükləri yapışıb onu olduğundan artıq qorxunc göstərirdi. Uzun ağ dişlərin arasından şorranıb axan qan Dehqaninin ağ yaxalığını qızartmışdı.

Rəvayət söyləməkdə dildən pərgar olan Müntəzirinin ən zəif cəhəti rəvayəti gerçəkdən ayıra bilməməsi idi. İlk dəfə idi, o üzərində xaç gəzdirmədiyindən ötrü öz-özünü yamanlayır, bundan savayı vampiri otaqdan necə qovacığını götür-qoy edirdi.

İşə bir bax, o xaç haqında düşünər-düşənməz vampirin içindən Dehqani çıxıb onun böyründə durdu, amma o uzun diş bədheybət yenə əvvəlki məşğuliyyətini yerə qoymamışdı, qara toyuğu vəhşi ehtirasla nuşi-can edirdi.

Ağanın çığıran toyuğu həvəslə lütləməsinə ehtirasla tamaşa edən Dehqanini maraq aləmindən ayırıb onu erməni kilsəsinə xaç arxasınca yüyürtməyi bu yerdə ağlından keçirtməməsini dilə gətirsə də, yalan olardı. Lakin varis qəfildən yuxudan ayılmış kimi özünə gəldi, xatırladı ki, vampir tək xaçdan yox, eyni zamanda sarımsaqdan da çəkinir. Əlini ağzına yaxın tutub nəfəsini bayıra üfürərək nəfəsindən gələn sarımsaq qoxusunu ciyərlərinə çəkdi. Kənardan baxan onun nəyə sevindiyini dərk edə bilməzdi, amma vampirdən ürpənən varis üçün nəfəsindəki qoxu böyük tapıntı idi. O durmadan ardıbaard var gücü ilə nəfəsini dərib ağız qoxusunu irəli ötürdü, əlbəttə, vampirlə savaşa göndərdi.

-Kəramətinə şükür Allah! – Müntəziri bunu o zaman dedi ki, qapıldığı illuziya aləmindən qopub imamın sakitcə toyuq yonduğu ibadət otağına qayıtdı. Yaradanına şükürçü olmağına haqq qazandırmaqda səhv etmirdi, çünki göz şahidi olduğu səhnədə diri-diri toyuğu şaqqalayıb yeyən canlı yox idi. O, durmadan: “Şükür sənə ilahi!” – deyib, durmuşdu.

Bu an Xomeyni əlindəki işi saxlayıb ona göz atdı:

-Vampir nədi, ay oğul?

-Ağa, mən elə bir söz dedim?

-Sən dedin, vampir Qum şəhrinə girdi, quyuda şəklini görüb daş axtardı çırpsın quyudakı həmməsləkinin təpəsinə, desin ki, mən vardım, sən niyə gəldin? Qumun imam cüməsi onu intizarda qoymadı, axtardığını cibindən çıxarıb cəld ona uzatdı. Vampir həmməsləyinə deyəcəyini səhvən elə imam cümənin özünə dedi. Və o zaman ki daşı tolazlayırdı suya, imam cümənin ağzından qoxan üfunətli sarımsaq qoxusu burnuna dəydi, özünə həşir təpdi, daşlı əlini başına çırpıb özünə xətər yetirdi…

-Ağa lütf etsin, bərkdən xəyal eləmişəm!

-Sən hələ də bilmirsən ki, vampir kimi qaniçən o xaçpərəst ifritələri bizim rəvayətlərdən uzaqdır? Əks halda biz gərək xaçı üstümüzdən əskik etməyək…

-Ağa düz buyurur, hürü-pəri kimi gözəllərimizi vampirlərə həvalə edə bilmərik! – O, özünə bəraət qazandırmaqdan ötrü dilini işə saldı.

-Ay sağ ol… İmana gəlirsən!

Müntəziri allah, allah deyib, dodaqaltı mızıldanmağa başladı, qulaq verilsə belə, onun dediklərini ayırd etmək mümkünsüz idi. Çünki şaqqıldatdığı kəhraba tesbeh qulağın pərdəsini cırmaqlayırdı.

İmam toyuq yonduğu sağ əlini yuxarı qaldırıb:

-Quru-quru işi qabağa getmir!

Həmişə ağanı hər kəsdən qabaq anlayan varis bu dəfə onun nəyə işarə etdiyini dərk etməkdə zorluq çəkdiyi an, Dehqani dəstamaz ləyənini və avtağasını tez qapı arxasından qapıb gətirib toyuğun böyründə yerə qoydu. Ağa əlini nəmləyib:

-Yetər, apar, içinə tük girib murdarlmasın!

Yenə zəhmət Dehqaninin boynuna düşdü, dəstəmaz dəsgahını əvvəlki yerinə qaytardı.

Başqa xəbəridə oxuyun

“İran hizbullah zindanında” romanından / Tora düşməyən balıq(1) / Eluca Atalı

Molla soyunmağa başlayanda Fatma utanıb üzünü ikiəlli möhkəm qapadı. Ömründə ilk dəfə gördüyü çılpaq kişi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir