Son Dəqiqə
Home / Azərbaycan / Azərbaycanın Jandarkı – Qəhrəman Zeynəb Paşa

Azərbaycanın Jandarkı – Qəhrəman Zeynəb Paşa

Zeynəb Paşa 19-cu əsrin axırlarında Təbrizdə “Tənbəki üsyanı”nın rəhbəri olub. O, 19-cu əsrin axırlarında qırx təbrizli xanımla birgə feodal qayda-qanunlarının çərçivəsindən çıxaraq daxili və xarici istismara qarşı hərbi mübarizəyə başlayıb.

“Bibişah Zeynəb”, “Onbaşı Zeynəb” ləqəbləri ilə tanınan Zeynəb Paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub.

Sadə həyat keçirən Zeynəb Paşanın həyatının Reje cərəyanından qabaqkı dövrü haqda heç bir məlumat yoxdur. Reje cərəyanı Zeynəb xanımı Paşaya çevirib.

1891-ci il martın 9-da Nasrəddin şah Qacar bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya verilməsi barədə müqavilə imzalayır və bunun müqabilində şirkət əldə edəcəyi qazancdan ildə İran hökumətinə cüzi bir məbləği — 15 min funt sterlinqi ödəməyi öhdəsinə götürür. Buna cavab olaraq, 1891-ci il avqustun 19-da Təbriz əhalisinin böyük əksəriyyətinin imzası ilə şaha göndərilən petisiyada tütün və tənbəki inhisarının ləğv edilməsi tələb olunur. Hadisəyə ilk olaraq Təbriz reaksiya verib. Təbriz bazarı bağladılır, 20 min adam silahlanaraq hərəkata qarşı baş verə biləcək hər hansı hadisəyə müqavimət göstərmək üçün hazır vəziyyətdə dayanır. Şaha teleqraf göndərərək bu işdən vaz keçməsi bildirilir. Bir neçə gün sonra dövlət məmurları bazarı zor gücünə açdırırlar. 1-2 saatdan sonra bir qrup qadın əlində silah, başında ləçək gəlir və bazarı silah gücünə bağladaraq yoxa çıxır. Onlara Zeynəb Paşa rəhbərlik edir. Dövlət məmurları qadınların qabağında aciz qalır.

O dövrün şairlərindən biri Zeynəb Paşa və onun yoldaşları haqqında belə deyir:

Hökm eylədi Zeynəb Paşa

Cümlə ənasül-fəraşa

Siz bazarı basın daşa

Dəyənəyi yağlayım gəlim

Patavamı bağlayım gəlim.

Xalqın mübarizəsi qarşısında Nəsrəddin şah öz qərarından geri çəkilir. Lakin qadınlar silahlarını yerə qoymurlar.

Zeynəb Paşa xalqı mübarizəyə çağıran nitqlər edir. Çıxışlarının birində kişilərdən etiraz səsi eşidən bu mübariz qadın üzünü onlara tutaraq belə deyir: “Əgər siz kişilərin zülmkarlarla mübarizə etməyə cürəti yoxdursa, qorxursunuzsa, alın bu ləçəyi siz bağlayın. Biz namusumuzu, malımızı, vətənimizi özümüz qoruyarıq. Bundan sonra kişi və kişilikdən danışmayın. Biz sizin əvəzinizə də vuruşarıq”.

Bu sözləri söylədikdən sonra Zeynəb Paşa ləçəyini çıxarıb kişilərə tərəf atır və hamının təəccüb dolu baxışları altında gedir.

***

O günlərdə varlılar qıtlıqdan istifadə edərək ərzaq mallarını anbarlarda yığıb ehtiyat saxlayır. Zeynəb Paşa onların yerini öyrənir və həmin məhsulları ucuz qiymətə xalqa sataraq, pulunu mal sahiblərinə qaytarır.

Xalqın möhtəkirlərə qarşı çıxdığını görən hökumət Marağa qoşunlarını Təbrizə çağırır. Silahlı mübarizədə bir kişi və beş qadın öldürülür. Bəzi ruhanilər də qadınlara qoşularaq Rusiya konsulluğuna yığılır.

“Çörək-çörək” şüarı Qacarlar əleyhinə siyasi şüara çevrilir.

Zeynəb Paşanın mühüm işlərindən biri də Təbriz valisinin anbarını xalqın üzünə açması olub. Qarışıqlıqda 30 nəfər öldürülüb.

Çox təəssüf ki, Zeynəb Paşanın bu hadisədən sonrakı həyatı haqqında heç bir məlumat yoxdur. Azərbaycanın mübariz qadınları arasında öz dəst-xətti olan Zeynəb Paşa öz dövründə və sonrakı dövrlərdə bir çox şair və yazıçıların əsərlərinə mövzu olub. Onun qəhrəmanlığı haqqında çox yazılıb.

Müəllif: Aytac Qədirova

Başqa xəbəridə oxuyun

“Təkəm gəzdirmə” mərasimi Zəncan məktəblərinə çatdı!

Öyrənci : Son günlərdə Güney Azərbaycanın şəhər və kəndlərində Novruz bayramı şənlikləri keçirilir.Müxtəlif bayram şənlikləri …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir