Son Dəqiqə
Home / İnsan haqları / İran Hizbullah zindanında ; Ədalətli bölgü (1) / Eluca Atalı

İran Hizbullah zindanında ; Ədalətli bölgü (1) / Eluca Atalı

 

-Allah deyir, – molla uzun bir fasilə verib, təsbehini şaqqıldada-şaqqildada zindan rəisinə mənalı göz atıb sözünə davam etdi, – o buyurub ki,  zindanilərdən mərhəmət və şəfqətinizi əskik etməyin…

Zindan rəisi eşitdiklərinə inana bilmirdi. Allahın buyurduğu bu mütərəqqi fikrin hardan gəldiyini öyrənmək məqsədi ilə o, çanağından başını havaya çıxaran tısbağa kimi boynunu mollaya sarı uzatdı. Sağ olsun yenə molla, rəisə ağzını yormağa imkan vermədi, o yaxşı bilirdi ki, qarşısında oturan bığ yeri təzə tərləmiş sütül pastaran deyil ki, ağzın ayırıb mollanın bəlağətli nitqinə heyranlıqla qulaq versin.

-Müqəddəs kitablarımızda xüsusi yazılıb. – Zindan ağasının şübhəsini molla belə öldürdü.

-Aha!

İnsanlıqdan nişan verən sətirlərin Qurandan gəldiyini molla israrla vurğuladığından zindan rəisi sorğu sormağı lüzumsuz bildi. Əks halda müqəddəsliyə şəkk gətirmiş birisi kimi adını mollanın dilində hallandırmağa rəvac vermiş olardı. Çox guman, mollanı balağətli nitqini davam etdirməyə qüvvət verən elə rəisin susması oldu. Hələ min doqquz yüz yetmiş səkkizinci ilin payızında Ağayi Xomeyninin  səsi yazılmış kaseti Tehran hava limanında təyyarədən endiriləndə, bu cənab molla:

– Ay millət, nə yatmısınız, görmürsünüz, mübarək Sahibi Zamanın gəlişini? Bu qədər səssizmi qalacaqsınız?

Adamlar təyyarədən kimsənin endiyini görmədiklərini dilə gətirəndə molla özünə əl qatmışdı:

-O, gələcək! Gələcək!  Mütlaqa gələcək, gəlməyə bilməz!

-Molla, gerçəkdənmi gələcək?

Təyyarənin matorunu yağlayan cavan oğlandan bundan savayı necə bir sadəlövh sual gözləmək olardı?

-Bəs, necə? Bu zamanın tələbidir! – Molla əsasını İsa Məsih kimi üç dəfə yerə çırpıb başını göyə qaldıraraq: – Kəramətinə inanmayana lənət! – Hamının eşidə biləcəyi bir tonda bağırıb hava limanını səsi ilə silkələmişdi.

-Nə zaman? – Sualına…

-Tezliklə! Əlbəttə, tezliklə!

-Tezliklə?

-Lap tezliklə!  Xilaskar can üstə olanlarını intizarda saxlamaz, yetirər özünü ondan can istəyənlərə! – Molla özünəməxsus tərzdə beyinləri iynələyən bir səs tonu ilə xilaskarın göylə gələcəyini beyinlərə batırmışdı.

– Nədən bilirsən?  – Sual edənə…

– Zamanın sahibi əvvəl nişanəsini göndərər, sonra özü təşrif gətirər! – demişdi.

-Nədən birbaşa özü gəlməz ki?

Sualını molla adəti üzrə cavabsız buraxmayıb:

-Bəs, necə olmalıdır? Sahibi Zaman birdən-birə zühur etsə, cəmahət çaşmazmı? O öz gəlişinə məxluqatı hal-hal hazırlayır.

Ağayi mollanın Zamanın Sahibi ilə bağlı verdiyi məntiqli təqdimatdan sonra, millət artıq tək onun səs kasetlərini yox, Paris təyyarəsini də zamana sahiblik etməyə qadir qüvvə kimi beyinlərinə həkk etdilər. Amma o kasetlər! Nə bayaq aqibət qazandılar. Bir olan kaset Tehranın mərkəzinə yetişəndə sayı minlərlə oldu, üzü köçürüldü,  surəti artırıldı, əl-əl gəzdi, məxluqatlar yüz-yüz yığışıb iki yüz-iki yüz qulaqla dinlədilər. Ağayi Xomeynin kafir ölkəsi Parisdən gələn səsi dindar İranı Sahibi Zamana hamilə etdi.

Ardı vardır…

Başqa xəbəridə oxuyun

“İran hizbullah zindanında” romanından / Tora düşməyən balıq(1) / Eluca Atalı

Molla soyunmağa başlayanda Fatma utanıb üzünü ikiəlli möhkəm qapadı. Ömründə ilk dəfə gördüyü çılpaq kişi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir