Son Dəqiqə
Home / İnsan haqları / “İran hizbullah zindanında” romanından / Tora düşməyən balıq(1) / Eluca Atalı

“İran hizbullah zindanında” romanından / Tora düşməyən balıq(1) / Eluca Atalı

Molla soyunmağa başlayanda Fatma utanıb üzünü ikiəlli möhkəm qapadı. Ömründə ilk dəfə gördüyü çılpaq kişi vücudundan üşənib utanırdı. Bəlkə də hələ uzun müddət o gözlərini açmayacaqdı, əgər suyun şappıltısı qulaqlarına dəyməsəydi. Gözlərini açanda mollanı qarşısında görmədi, amma evin döşəməsində su göllənib dururdu və qız dizə qədər suyun içindəydi. O, cəld çevrilib akvariuma tərəf baxdı, molla onun sevimli qara balığını tutmağa cəhd edirdi. Lakin balıq sivişib onun yan-yörəsindən qaçırdı. Molla inadından dönmürdü, iki əlini yan-yana suyun altında tor kimi süzürdü, balıqsa gah o torun yuxarısından, gah da aşağısından sivişib qaçırdı. Mollanın əsəblərinin gərildiyi uzun bığlarını dişləri arasına alıb sıxmasından bəlli idi. O çeynədiyi buğlarını qəfildən buraxıb balığa hədə-qorxu gəlməyə başladı:

-Tutacam! Dərya deyil ki, üzüb dibsiz dərinliyə gedəsən.

O iki əlini bir-birindən ayırmadan barmaqlarını bir-birindən aralayıb torunun həcmini böyütdü.

-Hara qaçacaqsan? Məgər görmürsən, indi suyun sahibi mənəm?!

Balıq sakit üzürdü, sanki bu sakitliyi ilə mollanın gərilmiş əsəblərini tarıma çəkməyə cəhd edirdi. Baxmayaraq mollanın bütün bədəni akvariuma zorla sığırdı, hələ üstəlik əbasının ətəkləri şüşə qabın kənarlarından sallanırdı, lakin o böyük bir şövqlə balığın arxasınca sürünürdü. Balıq onun ayağının altındakı boşluqda duranda Fatmanın ürəyi hövlən edib ağzından çıxacaqdı. Qız elə zənn etdi, molla ağır ayağını suyun dibinə basıb bir anda balığın ödün partladıb onu öz zəhəri ilə öldürəcək. Balıq gözlənilməz manevrisi ilə qızı sevindirdi, o mollanın qılçalarının arasındakı boşluqdan məharətlə irəli şığıdı.

-Tutsam, buraxmayacam!

-Bilirəm…

Su şahzadəsi qəfildən danışmağa başlayanda molla diksinib yeganə silahı olan torunu öz əlləri ilə söküb atdı, əlbəttə, çaşqınlıqdan…

-Sənin dilin də varmış… – Molla heyrətini gizlətmədi. – Onda bir an yerində dur söhbət edək!

-Söhbət?

-Hə də, sənə sözüm var!

-Gəl elə üzə-üzə danışaq!

-İnsafın olsun, mən qoca adam, üzməyi bacarmıram… – Xırda varlığı yola gətirməkdən ötrü molla yalvarışlı səslə pıçıldadı.

-Dayana bilmərəm!

-Niyə?

-Mən dayanıb duranda ölürəm.

-Mən də suda çox qalsam, ölərəm.

-Onda suya niyə girdin?

-Səni yaxından görməyə!

-Aldadırsan, tutub yeməyə!

-Səhvin var, səhvin var, ey allahın yaratdığı cırtdan varlıq!

Suyun ekalogiyasını molla tor süzəndə korlamışdı. Canını danılmaz yırtıcının əlindən qurtarmaqdan ötrü gahdan suyun dibinə balıq baş vuranda molla da onun ardınca tor süzüb akvariumun yerinə çökmüş canlıların ifrazatını yuxarı qaldıraraq antihəyat tədarük etmişdi. Çünki, o, suyu bulandırmaqla xırda varlığı əldə edəcəyinə əmin idi. Balıq tənginəfəs olub suyun üzərinə qalxdı, nəfəs alıb-verdikcə ağzından çıxan hava şarları suyun üzərində sıralanıb düzülürdü. Axırıncı gələndə əvvəlkilərdən biri astaca yox olub suda itirdi.

-Əgər yeməyəcəksənsə, bəs niyə tutmaq istəyirsən? – Zavallı canlı mollanın niyyətin anlamayıb sadəlövhcəsinə sual etdi.

Molla saqqalına və dodağına yapışmış yosunu tüpürməklə özündən kənar edə bilmədiyindən əlini qaldırıb dartıb onu özündən ayırdı. Mollanın qəfil onu tutacağından ehtiyat edən balıq qabağa sıçradı. Çünki molla yosunu dartıb atanda əli balığın arxasında göründü.

-Edam edəcəm! – O, əsl niyyətini etiraf etməkdən çəkinmədi.

Balıq qəh-qəhə çəkib güldü. Molla onu axmaq yerinə qoyan su varlığına necə qəzəbləndisə ikiyə bölünmüş torunun hər iki tərəfini yumurlayıb suya var gücü ilə iki yumruq çırpdı.

Başqa xəbəridə oxuyun

Yola revan olma zamanı

Bir türlü provokasyonlara doymak bilmeyen Ermenistan ve onun ucuz popülist Başbakanı Paşinyan’ın yanı kaşınmakta ve …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir