Son Dəqiqə
Home / İnsan haqları / “İran Hizbullah zindanında ” romanından ; Tora düşməyən balıq(2) / Eluca Atalı

“İran Hizbullah zindanında ” romanından ; Tora düşməyən balıq(2) / Eluca Atalı

 

Yemədiyin bir şeyi öldürmək nəyinə lazımdı?

Molla əbasını çıxarıb dəli bir çılğınlıqla akvariumu əbası ilə süzməyə başladı. Fatma üşəndi… Balıq indi heç yerdə gözə dəymirdi, lakin molla əvvəlki inadından nə dönürdü, nə də canlını ovlamaq ehtirasından əl çəkirdi. Səbr kasası daşmış molla qəfildən sudan dik qalxıb bayıra hoppandı. Molla akvariumdan dik qalxarkən onun həndi-hamar vücüdü suda tayfun yaradıb suyun bir hissəsini də özü ilə bərabər döşəməyə tökdü və bu zaman onunla birlikdə qara balıq da sıçrayıb yerə düşdü. O suya girərkən akvariumun yanına tolazladığı əmmaməsini götürüb başına qoydu. Kişinin anadangəlmə çılpaq olduğunun fərqinə varan Fatma dəlicəsin çığırdı. Qız öz səsinə yuxudan oyanıb çarpayıdan döşəməyə atıldı. Ayağının birini qaldırıb, o birini yerə qoydu. Döşəmənin qupquru olmasına inana bilmirdi. Ola bilməz, bu o molla idi, keçən gün müəllimi Səmədin məktəbdən aparılması xəbəri yayılandan sonra qara müşəmməyə bürünmüş Quranı qoltuğuna vurub məktəbə gələn… Və bundan sonra uşaqlar arasında pıçhapıç danışıqlar başladı ki, məktəbə yeni gələn müəllim şəriət dərsi keçəcək. Amma bu müəllimin yalnız oğlanlar üçün göndərildiyi pıçhapuçdan az keçməmiş hər kəsə bəlli oldu.

Baxmayaraq ayaqları suda islanmırdı, amma qızcığaz yenə suda gəzirmiş kimi gecə donunun ətəklərini əlinə yığıb qapıdan çıxıdı. O düppədüz dəhlizdəki akvariumun yanına getdi. Gecə yuxusuna getmiş balıqlar akvariumun dibinə yaxın bir yerdə yan-yana durub uyuyurdular. O ayın pəncərədən dəhlizə süzülən işığı altında balıqları saydı. Qara balığın erkəyinə Doqquz adı vermişdi, onun dişi tayını Altı adlandırmışdı. Akvariumunsa adı Buta idi, Altı ilə Doqquz birləşəndə vahid dairəni tamamlayırdılar. Doqquz gecə idi, Altı gündüz! Doqquz qaranlığın nişanəsi idi, Altı işığın! Bir-birlərinə yaxın düşəndə gün bitirdi. Səsə ayılan atası alt tuman-köynəkdə dəhlizə çıxanda Fatma yenidən çığırmağa başladı.

-Qorxma, qızım, qorxma, mənəm!

Fatma akvariumu yerindən qaldırıb sinəsinə basaraq dal-dala çəkilib divara qısıldı.

-Ehtiyatlı ol, sındırarsan! – Allahkərim kişi qızını sakitləşdirməkdən ötrü ona dil tökdü. O yaxşı bilirdi ki, qızının itriməkdən qorxduğu yeganə varlıq bu balıqlardır.

-Yaxına gəlmə!

Allahkərim addımını saxlayıb yazıq-yazıq qızını süzdü.

-Balıqlarımı oğurlaya bilməzsən!

-Gözəl qızım, bu evimizin balıqlarıdır, onları niyə də oğurlamalıyam?

-Sən bu evə sahib deyilsən!

-Qızım, mən sənin atanam…

Fatma duruxdu, qarabasma çəkildi, bayaqdan onun gözünə görünən Allahkərimin əynindəki əba öz-özündən döşəməyə düşdü, qızsa müvazinatını saxlaya bilməyib akvarium əlində divar dibi sürüşüb yerə oturdu. Molla simasında gördüyü adamın öz doğma atası olduğunun fərqinə yalnız indi vardı. Kişi yaxına gəlib onun yanında oturdu, qızının başını dizinin üstünə qoyub:

-Allah, özün dadıma çat, qızımın içinə cin girib! – Qızının sakitləşməsindən ötrü dua oxumağa başladı.

-Yox.., Fatma başını atasının dizi üzərindən götürüb ona anlaşılmaz bir tərzdə nəzər saldı.

-Yuxuma molla girib…

O, zoomağazadan balıq alarkən rastlaşdıqları mollanın bu gecə akvariumda tor süzdüyünü atasına nağıl etdi.

-Yuxu gerçək olmaz, qızım, sakit ol.

Fatma yenidən başını atasının dizinin üstünə qoyub:

-Amma molla var… – məyuscasına pıçıldadı.

O, yenidən başını qaldırıb atasının üzünə mənalı-mənalı nəzər saldı.

-Əmin ol, qızım, mən yuxuna girən deyiləm!

Hər ikisi gülümsədi, qız atasını qucaqlayıb:

-Onlar ikisi də eyini adamlardır… – Dedi.

-Nədən belə düşünürsən, özün də bilirsən ki, indi molalnın sayı göydəki ulduzun sayından qat-qat çoxdur. Niyə ancaq  bir adamı qaralayırsan?

Qız bir müddət susdu, güman etmək olardı ki, atasını haqlı sayıb cavab vermək istəmirdi. Lakin bu susqunluq çox çəkmədi, o udquna-udquna danışmağa başlarkən yenidən atası dilləndi:

-Dur! Dincəl, mən sənə su gətirim.

Allahkərim kişi ayağa qalxıb su dalıyca getdi, Fatma isə hələ də balıqların sağ qalmasına inanmırmış kimi akvarium şüşəsinin üzərindən balıqların olduğu istiqamətdə barmaqlarını gəzdirirdi.

-Al, iç!

Allahkərim camda gətirdiyi suyu qızına uzatdı. O, bir qur
tum içib camı atasının əlinə verib rahat oturdu.

-Məktəbdəki şəriət müəllimi məktəbə qədəm qoyduğu ilk gündən “Qara balığın nağılı”nı qadağan etdi…

-Hə, amma bu onun  zoomağazadakı adam olduğu anlamına gəlmir.

-Ata… – Qız səsini qaldırdı:  – Necə yəni gəlmir? Necə yəni ğəlmir?

-Sakit ol, ağıllı qızım!

-Unutdun mollanın satıcıya dediklərini? Bundan sonra qara balıq satılmayacaq!

Satıcı: “Bizə belə bir göstəriş verən olmadı.” – dedi. O zaman molla qəzəblə çığırdı: “Bunu mən deyirəm!”

Onun dediklərini təsdiqlərkən Allahkərim bir neçə dəfə başını yırğaladı.

-Haqlısan, qızım, onlar hamısı eyni cür düşünürlər.

Başqa xəbəridə oxuyun

“İran hizbullah zindanında” romanından / Tora düşməyən balıq(1) / Eluca Atalı

Molla soyunmağa başlayanda Fatma utanıb üzünü ikiəlli möhkəm qapadı. Ömründə ilk dəfə gördüyü çılpaq kişi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir