Home / Məqalə / Qadın azadlığının müdafiəçisi C. Məmmədquluzadə

Qadın azadlığının müdafiəçisi C. Məmmədquluzadə

Bəşəriyyətin anası olan qadının əsil qara günləri doqquz ay bətnində bəslədiyi övladını dünyaya gətirdikdən sonra başlayır. Saçını süpürgə, qolunu kösöv edən, kiprikləri ilə od götürən, min cür əzab-əziyyətlə boya-başa çatdıran, ərsəyə gətirən ana sonda öz övladı tərəfindən azadlıqdan məhrum edilir, namusu, qeyrəti, mənliyi, ləyaqəti tapdalanır, təhqir edilir, ayaqlar altına atılır. 

Peyğəmbərləri də, imamları da, şahları da, gədaları da, alimləri də, cahilləri də, sərkərdəni də, oğrunu da, cəlladı da, əsil kişini də, nanəcibi də, nakişini də , xeyirxahı da, zülmkarı da dünyaya gətirən a n a d ı r. Gözünün nurunu, ürəyinin odunu övladına verən a n a zaman-zaman öz övladları tərəfindən işkəncələrə məruz qalmış, döyülmüş, söyülmüş, təhqir edilmiş, arzuları ürəyində qalmış, xoş bir gün görməmişdir.

Lakin ananın övladları içərisində elələri də olmuşdur ki, qadının –ananın bu vəziyyəti ilə barışmamış, onu bu hala salan ictimai, siyasi mühitə qarşı bacardığı qədər mübarizə aparmış, mütərəqqi fikirli insanları da bu mübarizəyə qoşulmağa səsləmişdir. Belə övladlardan biri də böyük demokrat yazıçı Cəlil Məmmədquluzadədir. Onun yaradıcılığında qadın azadlığı məsələsi mühüm yer tutur. Qadın azadlığı məsələsi Azərbaycan maarifçi filosoflarının da həmişə diqqət mərkəzində olmuş, bir növ, ənənə xarakteri almışdır.

Əsas məsələ müsəlman Şərqində qadın köləliyinə qarşı , qadın azadlığı uğrunda mübarizədən ibarətdir. İslam aləmundə hökm sürən şəriət qaydalarının qadına hüquqsuz bir varlıq kimi baxmağı təlqin etməsi azad fikirli mütəfəkkirlərimizin etirazlarına səbəb olmuşdur. Onlar istibdad şəraitində qadınlarla kişilərin qeyri-bərabər vəziyyətini böyük sosial ədalətsizlik sayırdılar. Ona görə istibdad quruluşunun haqsızlıqlarını tənqid edəndə qadın hüquqsuzluğunun tənqidi üzərində xüsusi dayanır, qadın ləyaqətinə hörmət, onların ictimai həyatda fəaliyyətə cəlb edilməsi, kişilərlə hüquq bərabərliyinin təmin edilməsi haqqında fikirlər aşılayırdılar.

C.Məmmədquluzadə qadın köləliyini cahilliklə şərtləndirir, “Hicab”ayəsi tərəfdarlarının qadına üzü açıq gəzməyi qadağan etdiklərini cahillik, nadanlıq sayır və quranda bu barədə heç bir əmrin olmadığını söyləyir: “Bu ayələrin heç birində bir xırda da əmr olunmur ki, arvadlar üzlərini qapasınlar…Burada da biz ayənin ruhunu, arvadların övrəteynini gizlətməklə üzlərini gizlətməyi bərabər tuturuq ki, bundan da daha aşkar cəhaləıt ola bilməz (C.Məmmədquluzadə.Əsərləri, 2-ci cild, səh.178-179).

Üzüaçıq gəzməyi əxlaqsızlıq hesab edən ruhanilərə müraciət edən ədib yazırdı:” Ayə övrətlərimizi bu tövr bihəya və bivəfa hesab etməyə əlimizdə bir sübut var, ya yox? Qonşularımız erməni övrətləri gözlərinizin qabağındadır. Bunlar üzüaçıq dolanırlar. Heç bir insaf əhli deyə bilməz ki, erməni övrətləri özgə kişi ilə aşnalıq qatırlar. Hansı vicdan sahibi müsəlman deyə bilər ki, erməni övrətləri həyasızdırlar? Hansı bir müsəlman görüb və eşidib ki, erməni övrətləri ərlərinə xəyanət etsinlər və özgə kişiyə meyl göstərsinlər? Hansı bir gözəl və cavan müsəlman bacarar bir erməni övrətini özünə aşna etsin? Mənim sözüm budur ki, ümumiyyətlə heç bir millətin övrətləri barəsində demək olmaz ki, flan millətin övrətləri bietibar və ismətsizdir, ya flan tayfanın övrətləri vəfalı və həyalıdır ( yenə orada.səh.180-181).

Qadın azadlığını milli tərəqqinin əlamətlərindən biri hesab edən C.Məmmədquluzadə istəyirdi ki, “Azərbaycan qadınlarının mədəni səviyyəsi və hüquqları Avropa qadınlarından aşağı olmasın Avropa qadınlarının səviyyəsinə çatmaq üçün Şərq qadınları oxumalı, çalışmalı, vuruşmalı və cəmiyyətlər təşkil etməlidirlər, yoxsa yer üzündə heç bir islam milləti mədəniyyət meydanında irəli gedə bilməyəcəkdir”( yenə orada.səh.590).

Ədib müsəlman aləmində dəbdə olan siğəni əxlaqa, ailə məsuliyyətinə zidd hesab edirdi. Bu cür fikirlərinə görə ruhanilər ədibi təqib edir, ölümlə hədələyirdilər. Bu barədə Həmidə xanım öz xatirələrində belə yazırdı:” Faiq əfəndi Mirzə Cəlilə bildirdi ki, evdən kənara çıxmasın, onu öldürmək istəyirlər. Şəhərin müsəlman hissəsi böyük həyəcan keçirirdi. Camaat mollaların başçılığı ilə məscidə toplanıb Mirzə Cəlilə lənət oxuyur, islama rəxnə yetirən o dinsiziin qətlinə fərman verirdi. Başqa yerlərdən avamlar Mirzə Cəlilə söyüş və hədələrlə dolu məktublar göndərmişdilər (Həmidə Məmmədquluzadə.Mirzə Cəlil haqqında xatirələrim”. Bakı-1976.səh.29-30).

C.Məmmədquluzadə qadının şəxsiyyət azadlığı problemini islam ideologiyasının, feodal-patriarxal mühitin tənqidi ilə bağlayır, qadın ləyaqətini ucaltmaq üçün o zamanın mürəkkəb ictimai ideoloji şəraitində cəsarətlə mübarizə aparırdı:” Qadın ləfzi islam aləmində indiyədək bir “od” olubdur ki, ona əl vurmaq barıta əl vurmaq kimi xətalı hesab olunubdur”- deyirdi (Əsərləri. 3-cü cild, səh.568).

C.Məmmədquluzadə Şərqdə rüsvayçılıq həddinə çatmış, ürəkbulandıran bir adət olan çoxarvadlılığı Qərbdə olan təkarvadlılığa qarşı qoyaraq yazırdı: “Bunu heç kəs dana bilməz ki, əcnəbilər..məhz bir arvad alırlar və ölən günə kimi haman bir arvada qane olurlar. Əgər bunlar bir-birini xoşladı, ömürlərinin axırırnadək bir yerdə yaşayacaqlar, əgər xoşlamasalar, yenə də bir tövr rəftar edəcəklər ki, ömürlərini başa versinlər və əgər bir-birini o mərtəbədə xoşlamadılar ki, birinin birinə ikrahı oldu, –o zərurətdə bunlar ayrılacaqlar. Dünyada bu təbii bir şeydir”(Əsərləri.2-ci cild.səh.175).

Məlumdur ki, islamın təbliğatçıları Avropa qadınlarını namussuz, qeyrətsiz, eyş-işrət düşkünü, gecə-gündüz barlarda əxlaqsızlıqla məşğul olan yüngül xasiyyətli bir varlıq kimi qələmə verir, lakin Qərbin mütərəqqi cəhətlərinə toxunmaq istəmirdilər. Bu cür ilahiyyatçıları Mirzə Cəlil ifşa edərək göstərirdi ki,:”Biz diqqət eləsək, görəcəyik ki, belə sözü danışanlar və yazanlar həmişə o kəslər olublar ki, Avropa məişətindən və Avropa mədəniyyətindən əsla bixəbərdirlər”(2-ci cild,səh.352).

Qadın azadlığı Cəlil Məmmədquluzadə üçün həmişə əhəmiyyətli problem olmuşdur. : “ Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi üstündə vurulub. Onun üçün də Şəırq qadınlarının dərdini mən hamıdan artıq anlaya bilirəm. Nədir onların dərdi ? Şərq qadınını azad etmək, nədən? Şəriətin kəməndindən, müsəlmanlığın zəncirindən, hərəmxanaların zindanından, qara çarşabın zülmündən”93-cü cild, səh.550)

Şərq qadınının azadlılğı uğrunda ədibin apardığı mübarizəyə dövrünün açıq fikirli, mütərəqqi ziyalıları yüksək qiymət verirdilər Y.Vəzirov “Millət” qəzetində çap etdirdiyi məqaləsində yazırdı;”İslam aləmində həlli üsyana səbəb olan bir çox dini məsələləri “Molla Nəsrəddin” zəmanə nöqteyi-nəzərini etibara alaraq, qolaylıqla həll yoluna saldı. Əski qanun və adətlər dairəsini pozub geniş bir vadiyə çıxdı…qadın məsələsi kimi zəruri, həyati və bununla belə qarışıq məsələni həll etdi. Zəmanə yazılmlş qanunlardan qüvvətlidir,–dedi. Zəmanə tələbatına tabe olunuz!”( Qulam Məmmədli.”Molla Nəsrəddin salnaməsi”.Bakı, 1966, səh.370-371)
Cəlil Məmmədquluzadə öyrənmək istəyirdi ki, görsün Avropada qadın azadlığı məsələsi necə həll olunur, alimlər, siyasətçilər, filosoflar bu məsələyə necə yanaşılrlar. Bu yanaşmalarda Şərq ilə Qərb arasında nə kimi fərqlər mövcuddur. Məsələni araşdıran ədib yazırdı: “Avropa filosofları qadın məsələsindən danışanda çox millətlərin övrətlərindən söhbət açıblar, amma heç bir millətin övrətlərinin barədə ədəbsizlik və xarlıqla danışmayıblar. Amma bizim üləmaların yazıları başdan axıra kimi qərb övrətlərinə föhş demək və hörmətsizliklə danışmaqdır” (2-ci cild, səh.265).

CəMəmmədquluzadə gənc ailələrdə boşanmaların, nikah müqavilələrinin tez-tez pozulmasının, ailələrin dağılmasının səbəbini cütlər arasında həqiqi sevginin, saf məhəbbətin olmamasında, evlənmələrin müəyyən təmənna əsasında baş tutmasında, ötəri həvəslə bağlı olmasında, qadına inamsızlıqda, etibarsızlıqda görqrdü: Ədib bunu o dövrün kişilərinin öz dili ilə belə açıqlayır:” Heç razı ola bilmərəm ki, mənim övrətim dünyada məndən savayı bir kişini görsün, bir kişi ilə danışsın..Yer üzünün bütün müsəlman qardaşları bu xüsusda mənnən yoldaşdırlar…Mən ondan qorxuram ki, övrətim çıxa kişilərin içinə və görə ki, dünyada məndən də yaxşı kişi var…Əgər mənə yəqin ola ki, övrətim məni istəyir, onda heç zaddan qorxmaram, onda izin verərəm hər kəs ilə istəyir danışsın. Amma bir surətdə ki, onun mənə məhəbbəti yoxdur, –otaqdan kənara çıxmağına razı ola bilmərəm.Məhəbbəti mənə ondan ötrü yoxdur ki, o heç bilmir məhəbbət nədir. Onu mənə on dord yaşında könülsüz verəndə mənim qırx doqquz yaşım var idi. Amma mənə ondan ötrü gəldi ki, bir kasıb qız idi. Mən özüm də bilirəm məni istəməyəcək, ancaq mənim pulumu istəyəcək, qızılımı istəyəcək. Amma nə eybi var, allah müsəlmançılığa bərəkət versin. Məndən savayı o kimi görəcək ki, özgəsinə məhəbbət yetirsin” (2-ci cild, səh.589-590).

C.Məmmədquluzadə cəmiyyətin tərəqqisi, inkişafı, müəyyən məqsədlərə çatması üçün qadınlarla kişilər arasında hüquq bərabərliyinin olmasını zəruri sayır və deyird ki, oğlanları oxutmaq, xaricdə təhsil almaq, ixtisas sahibi olmaq məqsədilə xaricə göndəririksə, qızlarımıza da belə bir şərait yaratmalıyıq. Ədibə görə, “oğlanlar oxusa, qızlar savadsız qalsa, onda onlar evlənəndə bir-birini başa düşməzlər. Ona görə gərək oğlanlarımızı Avropa dərsinə göndərəndə qızlarımızı da qoyaq dərsə ki., heç olmasa Avropa elmindən, tərbiyəsindən barı yarımçıq da olsa, bir az oxusunlar və öyrənsinlər( 2-ci cild, səh.246-247)
Sovet hakimiyyəti qurulduqdan sonra qadınlarla ideya-tərbiyə işlərinin aparılmasından danışan ədib yazırdı:” Azad edəndən sonra azad Şərq qadınını tərbiyə etmək, ona həqiq yol göstərmək, öz vəzifəsini bildirmək, qadınlıq şərtlərini anlatmaq, analıq borcunu dərs vermək, övlad tərbiyəsinin nə olduğunu təlim etmək, ta ki, bəxti qara Şərq qadını gözünü açıb çıxsın Şura əsrimizin geniş meydanına və cürətlə desin: mənim də bu dünyada yaşamağa haqqım var! Çünki indi dəxi mən azad Şərq qadınıyam! (3-cü cild, səh.550).

Sosializm şəraitində qadınların kişilərlə bərabər qurub-yaratmaları ədibi sevindirirdi..” Şura aləmində qadın da bir insandır, kişi də insandır; qadına da ixtiyar lazım, kişi yə də, qadın da nəfəs almaq istəyir, kişi də; nə kişi qadına sahib, ağadır, nə qadın kişiyə, ancaq bunlar yoldaşdırlar. Biz də belə deyirik. ”Şərq qadını” da bu sözləri eşidib çıxdı meydana. İndi dəxi İslamın zənciri onun ayaqlarına dolaşmağa gücsüzdür. İndi dəxi şəriətmədarların cəhənnəm odlarından qorxan yoxdur. İndi dəxi arvad qeyrəti çəkən “qeyrətli” qoçular puç olublar. İndi dəxi Əli Bayramovun yadigarına açılan Şərq qadını əncümənindən “qadın azadlığı” və “qadın xoşbəxtliyi” kimi münacatın sədası Şərq aləminə dağılmaqdadır. Bunu biz istəyirdik və bunu axtarırdıq. Dedik, dedik, axırda arzumuza çatdıq”(3-cü cild, səh.94).

Sovet hakimiyyəti sayəsində azadlığa çıxan Azərbaycan qadınlarıının öz şəxsi ləyaqətlərini dərk etməsini, şəriətin hökm sürdüyü mənfur keçmişə nifrətlə baxdıqlarını söyləyən ədib öz fikirlərini qadınların dili ilə ifadə edir:” Min ildən artıqdır ki, biz pərdə dalındayıq, min ildən artıqdır ki, biz hərəmxanada dustağıq, zalım kişilərə quluq, müstəbid fazillərin təfsirlərinin qurbanıyıq, hicab çomağının altındayıq. Dəxi bu qədər bəsdir, dəxi bu qədər kifayətdir.,.bizim qənimimiz, indiyədək bizi əsarətdə saxlayan həmin çarşaf olubdur. Biz bunu nəinki yad kişilər yanında, hətta yavuq qohumlardan da gizlənmək üçün örtmüşük Və belə gizlənməyə bizi mollalar məcbur ediblər, bizi quranın ehkamı məcbur edibdir (3-cü cild, səh,31).

C.Məmmədquluzadə şəriət qaydalarının inqilabdan sonra dərhal tamamilə aradan qalxacağını güman etmirdi. Keçmişin belə qalıqlarının hələ bir müddət yaşayacağını düşünürdü. Ancaq yeni həyatın yeni qanunlarının tam qələbəsinə inanırdı:” Bu hal həmişəlik davam edə bilməyəcək, bu ola bilməz ki, iki bacının biri dünya işinin dalınca getsin, o biri bacı gecələr şirin yuxunu özünə haram edib axirətdə qılman axtarmaqla məşğul olsun. Bu iki dünya ayrı-ayrı dayanıb dura bilməyəcək. Ya bu onu öz tərəfinə çəkəcək, ya o bunu. Necə ki mömin müsəlmanlar deyirlər:” ya ağ ləkə qara ləkəni basacaq , ya qara ləkə ağ ləkəni”
Bəs hansı basacaq? Beynəlxalq zəhmətkeş qadınlar dünyasının müqabilində “Bikə ya allah” çağıran mömin qadınlar dayanıb dura bilməzlər”(3-cü cild. Səh.397). C.Məmmədquluzadənin qadın azadlığı uğrunda mübarizəsi öz dövrü üçün böyük ictimai əhəmiyyət kəsb edirdi. Sovet hakimiyyəti cəlil Məmmədquluzadənin bütün arzularını, xəyal və istəklərini həyata keçirtdi. İnsanlar arasındakı ayrı-seçkiliyə son qoyuldu,bütün təhsil ocaqlarının qapıları zəhmətkeş xalq kütlələrinin üzünə açıldı. Şərqin bir parçası olan Azərbaycan qadınlarının məğrur səsi insan fəaliyyətinin bütün sahələrindən eşidilməyə başlandı.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə
tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə
üzrə fəlsəfə doktoru, Qabaqcıl Maarif Xadimi

Başqa xəbəridə oxuyun

Afganistan ve Kadim Türk Yurdu ; Güney Türkistan

Tarihe bakıp, zihnimizde bugün ve geçmiş arasında hayali bir köprü çizdiğimizde bu düşüncemizin sınırlarını belirleyen …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir