Son Dəqiqə
Home / Danışıq / “TARİXİN GİZLİ QORXUSU” / Eluca Atalı– Danışıq

“TARİXİN GİZLİ QORXUSU” / Eluca Atalı– Danışıq

Soru : Eluca xanım, sizi xoş gördük.Siz xaricdə ölkəmizi yazar kimi təmsil edirsiniz, müxtəlif ölkələrdə görüşləriniz, çıxışlarınız olur. Yazarlıq bir missiyadır. Sizcə, yazarın kimliyi önəmlidir, yoxsa yazdıqları?

Eluca Atalı: Hər ikisi önəmlidir. Əgər bir yazar yazdığına bərabər deyilsə, onda oxucunun nəyinə gərək onun yazıb işığa çıxartdığı ideya? Təəssüf ki, bütün yazarlar idealdan bəhs edir, amma elə bil bu tək oxucuya gərəkdir, yazanın özünə yox. Necə deyərlər, “Ən asan iş başqasına məsləhət verməkdir!” Şəxsən mən, oxuduğum hər hansı bir əsərin arxasında şəxsiyyətli bir yazarı görmək istəyirəm. Qərbdə yazarın kimliyi məsələsi çox zaman xırdalığına qədər öyrənilməyə çalışılıb, onun haqqında mətbuatda dedi-qodu yazıları getmir. Qərbi tanıdıqca görürəm ki, yazarların çoxusu nə yaşayırsa, onu yazır. Açıq cəmiyyət olduğu üçün gizli heç nə yoxdur. Amma bizdə yazarlar ikili dəyərlərlə yaşadıqları üçün oxucu onun haqqında gizli mənbələrdən əldə olunanı doğru sayır. Gizlilik maraq artırır. Əslində, yazarın gerçək həyatını pərdələyərək yazdığı əsər oxucuya lazımı qədər enerji ötürmür. Elə bunun nəticəsidir ki, bizdə oxucunu ardı ilə aparan əsərlər çox nadir hallarda yaranır. Söhbət oxucunu öz dairəsinə salan əsərdən gedir.

Soru : Yazar millətin dərdlərin yazmalıdır, yoxsa bəşəri hisləri, qarşı tərəfin də ağrılarını, yəni düşmənini də sevməlidir?

Eluca Atalı: Qarabağ – Xocalı bizim milli dərdimizdir, mən bu haqda yazıram, amma bunu milli dərd çərçivəsindən çıxarıram. Millidir, çünki mənim yurdum işğaldadır, yurddaşım qanına qəltan edilib.İnsan ölümündən söhbət gedirsə, bu təkcə milli ola bilməz, həm də bəşəridir. Çünki qarabağlılar bəşərin bir hissəsidir. Yazıçı milli dərdi elə yazmalıdır ki, onun əsərini oxuyanda millətindən, irqindən, dinindən, rəngindən asılı olmayaraq hər millətin nümayəndəsi orda özünü görsün, bəşərilik əsərin canında olmalıdır. Çingiz Aytmatovun əsərlərinin mövzusu qırğız həyatından kənara çıxmır, lakin onun əsərləri tək qırğız üçün deyil, orda insan taleyi var, kommunizmin insanlığa gətirdiyi fəlakət sərgilənir, manqurtlaşma bu gün dünyada qəbul olunmuş bir terminə çevrilib. Eləcə də Svetlana Alekseyevanın “Müharibənin qadın siması yoxdur” romanı. O romanda müsahibə ancaq ruslardan alınıb, lakin almanın da fəlakəti göstərilib. İnsanlığa yad ideologiyanın insanı məhv etdiyini oxuyan hər kəs o əsərdə özünü görür. Çünki əsər bəşəridir, bəşər övladı olan insanın mahiyyəti ayrı-ayrı hadisələrdə açılır. Matros qadının xatirəsini yadınıza salın. Gecənin zülmət qaranlığında rus hərbi gəmisinə almanlar bomba atırlar, gəmi yanır. Saq qalanlar özünü suya atır, lakin bu da xilas deyil. Çünki çoxu üzə bilməyib batır. Sahilə yetmiş-səksən km. qalıb, bacaran üzüb sahilə çıxmağa çalışır. Qadın xatirəsində deyir ki, mən üzməkdə usta idim, düşündüm, indi ki, gücüm çatır özümlə kimisə də sahilə çəkib aparım. Elə də edir!!! Batıb-çıxan adamı sahilə qədər sürüyüb aparır. Sahilə çıxanda gördüyü səhnəyə mat qalır. Onun çıxartdığı nəhəng, yaralı ağ balıq imiş. Faşist ideologiyasından bütün canlılar ziyan çəkib, tək sosialist düşüncəsində olanlar yox. Buna görə də faşizmin qeyri-insani olduğundan nə yazırsansa yaz, bəşəri əsər yaratmış olursan. Düşməni sevmək… O necə düşmənçilikdir ki, orda sevgi tapılır? Düşmənə sevgi bəsləmək məntiqi baxımdan düz deyil. Sən ona görə onunla düşmən olursan ki, o sənə görə anti-insanidir. Anti-insani olan sevilməz, sevilmir. İkinci dünya savaşında ruslarla almanlar düşmən idilər, ideologiya onları bir-birinə düşmən etmişdi. Lakin insan haqları çərçivəsində, Beynəlxalq Qırmızı Xaçın sərhədsiz ilkin yardım anlaşmasına görə döyüş meydanında olan yaralı hər kəsi meydandan çıxarıb ilk yardım edilir, xəstəxanalara yerləşdirilirdi. Rus həkimi almanın yarasını sarıyırdı, amma onun vətəninə faşist basqınını yaddaşından silib atmırdı. Sadəcə, insanlıq duyğusu həkimi məcbur edirdi qarşısındakı faşistə insan kimi yanaşsın. Misal üçün, “Tiqranizm Xocalıda” kitabımla bağlı mənə ən çox ünvanlanan tənqid əsərdəki Aşot erməni obrazına humanist yanaşmam ilə bağlı oldu. Belə bir erməni ola bilməz deyib, mənim düşüncəmi rədd edirlər. Mən düşmənimin yadına salmaq istəyirəm ki, sən adam kimi doğulmusan, bəşər övladısan, sənin dəyişmək imkanın var. Əslində olanı yox, erməninin ola biləcəyini ona göstərmək istəmişəm. Amma burda düşmənə sevgi yoxdur, insanın mahiyyətinə inamdan yaranmış millətində dönüş yarada biləcək sima ortaya qoymaq istəyim var.

Soru : Belə çıxır ki, istəmirlər?

Eluca Atalı:Təəssüf, biz türklər son məqamda qərar veririk, problemimizi vaxtında çözmürük. Amma sonda birdəfəlik, kəskin şəkildə həll edirik hər şeyi.

Soru : Sizin milli həssaslığınızı bilirik.Kərkük harayınızı duyuruq.Bu yanğını ədəbiyyata gətirə bilirsinizmi?

Eluca Atalı: Günam edirəm, siz mənim “Kərküklülər-təklənmiş türklər” məqalələr toplumu nəzərdə tutursunuz. Ədəbi, ictimai, siyasi təhlillər vermişəm o kitabda, amma, Quzey və Güney Azərbaycan dərdini bədiyyata çəkdiyim qədər nə Kərkük, nə də digər türk toplumlarının yanğısını hələ ki, ədəbiyyata gətirə bilməmişəm. Digər kəliməsini ona görə deyirəm ki, Doğu Türküstandan, Kırımdan olan oxucularım da onların dərdini yazmağımı xahiş edirlər.

Soru : Sizcə, ədəbiyyat bir addım öndə getməli deyilmi, bizdə isə əksinə hadisələr olur, yaşananlar yaşanır, acılar çəkilir, ədəbiyyat sonra oyanır və sanki Qarabağın ardından yaylıq yelləyən əsərlər yazırlar.

Eluca Atalı: Bu məsələdə sizlə razıyam, təəssüf ki, siz haqlısınız. Bizdə, sanki təsvir ədəbiyyatı yaranıb, hadisə olub qurtarır yazar onun dalınca gedib olmuşları qələmə alır. Deyə bilərsiniz, V. Huqonun “93-cü il” romanı da Fransa burjua inqilabından sonra yazılıb. Lakin orda tarixin mahiyyəti bədii formada şərh edilir, inqilabın insan taleyini udduğu göstərilir. Əslində, ədəbiyyatda Asif Ata dediyi kimi, “Təsvir mənaya xidmət etməlidir. Nəsrdə yazar rəssamlıq edir”. Lakin burda rəssamlıq edən yazar rənglərdən-onun rəngləri sözdür, o sözdən elə bəhrələnməlidir ki, oxucu gözü ilə gördüyü hadisəni kitabdan oxumasın, olanın mahiyyətini anlasın. Bunun üçün yazarın hadisə ilə bağlı məlumatı, bilgisi azlıq edir, o həm də filosof olmalıdır. Əslində, hadisə dalınca qaçan yazarlarda fəlsəfi fikir yoxdur, sözçülük var. Ata deyir: “Fikir qurtardı, sözü kəsmək gərək. Söz fikrə qulluq etməlidir.” Təəssüf ki, bu səviyyədə yazar təsadüfi hallarda ortaya çıxır. Səbəb yazarların onlara fitrən verilmiş istedaddan olduğu kimi istifadə edib, özlərini artırmamalarıdır. Bəzən də ümidverici gənc yazara rast gəlirsən, amma bir neçə ildən sonra ümidin yoxa çıxır, ümid inama çevrilmir. Tək fitrətlə yazar olmaq olmaz, yazarlıq zəhmət, öz üzərində müntəzəm, ciddi çalışmaq tələb edir. Bir-iki il parlayan gənc yazar sonra özünü təkrarlamağa başlayır, belə olanda oxucu ondan yeni bir şey öyrənməyib yorulur. Mövzudan uzaqlaşmaq istəməzdim, amma bu da deyiləsi mövzudur.

Soru : Asif Atanın Mütləqə İnamı bu gün necə yaşanır?

Eluca Atalı: Əvvəlki kimi!!! Atanın cismani varlığında Ocaq necə qurulubsa, o xətlə davam edir. İdeyalar öyrənilir, öyrədilir, Ocaq Mərasimləri, Evladlığa qəbul… hər şey Atanın qoyduğu nizam üzrə davam edir. Bilirsiz ki, Ocaq fəlsəfəsinə görə, insan özündən başlamalı, özünü tanımalı, dəyişməlidir özüylədöyüş vasitəsi ilə. Dəyişməlisən ki, dəyişdirilməyəsən.

Soru : Bu gün mənəviyyatda baş verən aşınma bizi hara aparır, bu qırğınlara, tökülən qanlara səbəb mənəvi aşınma deyilmi?Bunun qarşısını nə din, nə ədəbiyyat, nə fəlsəfə ala bilmir.Nə düşünürsünüz?

Eluca Atalı: Dünya çirkaba bulaşanda onu müqəddəslik suyu ilə yumaq gərəkdir! Mənim başqalarından fərqim böyük əqidəyə sahib olmağımdır, hamı kimi çirkabı görsəm də, ona batmaq haqqım yoxdur. Çünki Yolum, əqidəm, sahib olduğum fəlsəfəm var – Ocağım var. Bəli, siz haqlısınız, bu gün dünyada olan nə din, nə ədəbiyyat, nə də hər hansı bir ictimai-siyasi quruluşun dəyişib digərini əvəz etməsi dünyanı xilas edə bilməz. Əslində, dünya təkrarlarla doludur, insan yeni nəsə yaradır, amma onda da özünü təsdiqləyə bilməyəndə köhnəyə qayıdır. Beləliklə də, o dairəyə düşüb fırlanır. Bu vaxta qədər olan bütün izmlər, dinlər və s. hamısı içində yalan gəzdirdi, gəzdirməkdədir, insan üçün yaranan, sözsüz, olanlar hamısı insanın yaratdığıdır, lakin insana yaramadı, çünki insan orda özünü tam görüb təsdiqləyə bilmədi. Bütün ideya və ideologiyalarda insan mərkəzdə yoxdur, o mənimsənilir. İdeya insana yox, insan onun xidmətçisinə çevrilir.Nəticədə insanı ideyadan xilas etməyə ehtiyac yaranır. Son on-on beş ili götürək, içində yaşadığımız ən son tarixi. Hadisələr o qədər sürətlə gedir ki, adam özünü burulğanın mərkəzində hiss edir dünyada hiss etmək əvəzinə. Çıxış yolu kimi insana xidmət edən, insanın özünü dəyişmə yolunu, konsepsiyasını işləmiş Ata fəlsəfəsini qoyuram.

Soru : Kitablarınızın oxucuları, sizcə, hansı təbəqədir və onlar bunu necə qəbul edirlər, yəni müasir gənclər daha çox əyləncəyə meyl edir və bir yandan da sərt fəlsəfəylə maraqlanırlar.Asif Ata ideyaları gənclərə necə təsir edir?

Eluca Atalı: Hər təbəqədən oxucum var, rütbəlisi, rütbəsizi, dörd yaşından doxsan yaşına qədər. Hər kəs özündə nəsə tapır kitablarımdan. Əlbəttə, dediklərinə görə. Amma ən çox hansı oxucuların təəssüratını xoşlayıram,deyə soruşsanız, o zaman deyəcəm ki, lap balaca oxucularımkını, hərfləri tanımayanları. Bir neçə valideyn deyib ki, gecələr uşaqları mənim “Gecikmiş oyuncaq” kitabımı valideyinlərinə verib “Ayı oxu!” deyirlər. Bu mənim qızıma yazdığım “Ay mənimlə yatmadı” hekayəsidir. Bilirsiniz ki, məndə mövzu məhdudiyyəti yoxdur, bəlkə elə ona görədir hər cür oxucum var və həm də çoxmillətli oxucularım var. Bir də bütün mövzularımın mərkəzində insan durduğu üçün, yəni insanla bağlı problemi çözmək cəhdimə görədir, yəqin ki. Amma yazdıqlarımla hər kəs razılaşmır, misal üçün, “İran hizbullah zindanında” romanım çox qalma-qala səbəb oldu, söyüş, təhqir, ölüm hədəsinə qədər aldım və həm də bu təkcə sıravi oxuculardan deyil, yüksək orqanlardan gəldi. Görünür, sözümü deyə bilmişəm ki, narahat olurlar. Ən gülməlisi budur ki, romandan hələ cəmi üç hissə çap olunduğu halda bu qədər hücum var. Görək əsər bütöv yayımlananda nələr baş verəcək.

Hər bir dövrdə gənclik əyləncəyə meyilli olub, bu onların yaş dövrü ilə bağlıdır. Yaşlı adam əyləncəyə meyl göstərərsə, bu artıq yüngüllük, ömrü hədər xərcləməkdir. Lakin gənclik də yalnız əyləncə ilə kifayətlənməməlidir, müəyyən düşüncə tərzinə sahib olmalıdır. Məsələ ondadır ki, bizim cəmiyyətdə gəncliyə lazım olan ideya ötürülmür. Məsələn, bu gün bizdəki kütləvi informasiya vasitələrindən gənclər nə öyrənə bilər? Əslində, ideya baxımından boşluq hər sahədə var. Fəlakət ondadır ki, sabahımızdır dediyimiz gənclik müəyyən ideyaya bu gün yiyələnməlidirlər ki, o da cəmiyyətdə ötürülmür. Şəxsən mən özümü xoşbəxt sayıram ki, gəncliyimin ən erkən çağında Atanı tanıdım, 80-dən artıq fəlsəfi kitabını oxudum, onunla saysız-hesabsız görüşlərim oldu və bütün suallarıma cavab aldım. Bu gün Ata ideyaları ilə maraqlanan gənclər var, onlarla münasibət qurur, ideyanı onlara çatdırırıq. İdeyanın ağır olduğunu deyirlər. Razıyam, hansı ideya beş günə hesablanır, tez-tələsik həllini tapır ki? Tez-tələsik olan inqilablardır, bəşərə ziyandan savayı bir şey vermir. İdeya insana ömrünü kökləməyə, özünü yaratmağa lazımdır. Bu gün cəmiyyətdə pis mənada rəngarənglik o qədər çoxdur ki, göz qamaşır, insan aldanır, həyatsa bu parıltıların içində itib-gedir. Təəssüf ki, bu hələ də yetərincə deyil. Amma mən hər zaman olduğu kimi, indi də oxucularımı Mütləqə İnam fəlsəfəsini öyrənməyə çağırıram.

Soru : Əsərlərinizdə ermənilərin törətdikləri yaxşı təsvir olunur, sizcə bu əsərləri onlar oxuyanda nə düşünürlər, fəxr edirlər ki, biz belə işlər tutmuşuq, yoxsa?

Eluca Atalı: Erməni səhvini görməyən və ya fəlakətini dərk etməyən bir millət təsiri bağışlayır mənə. Mən onları belə qəbul edirəm. Dəfələrlə ermənilərlə Qarabağ və Xocalı haqda söhbətim olub, təkcə İrəvan yox, Suriya, Türkiyə, Livan erməniləri ilə bu mövzuda uzun-uzadı müzakirələrimiz olub. Gərək nə qədər ləyaqətsiz olasan ki, Zori Balayanı özünün aydının sayasan. Sayırlar…”Tiqranizm Xocalıda” kitabımı oxuyan erməni “Həddən artıq türkçü-millətçi mövqeyindən yazmısan bu kitabı” dedi. Mənsə cavabında “Nə düşünürdün, erməni mövqeyindənmi yazacaqdım Xocalını?”deyə soruşdum. Xocalı olayından sonra az-çox ləyaqəti olan erməni aydını, yazarı öz millətinin fəlakətinə görə etirafla çıxış edib türkdən üzr istəməliydilər. Amma bunu edə bilmədilər. Adı gedən kitabımda əsərin qəhrəmanı Aşotun Xocalıdan sonra intihar yolunu tutmasını buna görə yazdım ki, erməni, sənin Xocalıdan sonra yaşamaq haqqın yox idi.

Soru : Yeni nəsillər yeni ideyalar istəyir, bu gün biz onları qane edirikmi, gənclərin beynini qidalandıra bilirikmi?

Eluca Atalı: Təəssüf ki, yox cavabı verəcəm. Yeni ideyanı yazacaq yazarın özü yenilənməlidir, dünyaya, həyata, insana yeni baxışı olmalıdır. Ata deyir: “Təzə köhnənin əvvəli, köhnə təzənin sonu”. Ədəbiyyat yeni-köhnə dairəsindən çıxa bilmir. Bəzən orijinal görünmək xatirinə sözü əzən qələm sahiblərini də görürəm. Ümumilikdə dairə içində fırlananlar çoxdur. Yazarın əqidəsi olmayanda, öz tutduğu yol olmayanda, onun enerjisinin çoxu boşa xərclənir. İndi əqidəli yazara rast gəlmək çətindir, çünki zaman üstü yaşamırlar, həyatın ortasındadırlar. Həyat da ki, çirkabla dolu, buna görə bulaşıb qələm sahibləri. Yaradıcılıq köhnəni yıxıb yenini yaratmaqdır. Əgər köhnə də qalacaqsa, onda sənin yaratdığının nəyi yenidir?

Soru : Son olaraq əsərləriniz haqqında bir az danışa bilərsinizmi?

Eluca Atalı: “Salam, eşq” romanımı üç gün əvvəl ilk varinatını bitirdim. Qabaqda Özbəkistan və Türkiyəyə səfərlərim var, imza günlərim, özbəkcə yeni yayımlanmış “Özünü gətir” kitabımın Daşkənd universitetində tanıtımı və Səmərqənd, Buxara, Xərəzmdə görüşlərim, Türkiyədə tv proqramım və s. Bu üzdən səfərdən qayıtdıqdan sonra romanı çapa hazırlayacam. İki il əvvəl başladığım Qarabağ və Xocalıdan bəhs edən, hadisələrin bir hissəsi də sizin Haqqıxlı kəndində baş verən “Müharibədə qalib yoxdur” romanımı bitirməyə cəhd edəcəm. “Bataqlıq” uzun hekayəmi redəktə etməliyəm, isveçcə yazdığım “Ana göyərçin yem tapdı” uşaq kitabımı bir də gözdən keçirib yayıma təqdim etmək istəyirəm. Bütün bunları bitirməmiş yeni əsərə başlamaq istəmirəm. Amma yaradıcılıq gözlənilməzlikdir, həmişə söz verirəm, ideya gələndə isə özümə nəzarəti itirirəm. Çünki, o sel kimi gəlib bütün istəklərimi vurub-tökür…

Danışıq aparan : Ayişə Nəbi

Başqa xəbəridə oxuyun

“İran hizbullah zindanında” romanından ;Vampir /Eluca Atalı

  -Toyuğu bir nimçədə ədəb-ərkanla qoydular dərvişin qarşısına. Çirmədi qolunu, – imam növbə ilə əbasının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir