Çərşənbə axşamı - Oktyabr 20 2020
Home / Məqalə / Troya atı ; “İran hizbullah zindanında” romanından Ayətullah Xomeynin Bakı planı hissəsi / Eluca Atalı

Troya atı ; “İran hizbullah zindanında” romanından Ayətullah Xomeynin Bakı planı hissəsi / Eluca Atalı

-Əgər Allah evinə çəkilən xərclər özünü doğrultmasa, onda necə olacaq?
-Sən nədən bu qədər bədgüman olursan?
-Bədgüman? – İmamın eşitməyəcəyi bir səslə varis pıçıldadı. – Məni dəli edən fantastik planlara, bu, sadəcə gələcəyin həll edə biləcəyi maneəsiz hadisə kimi baxır.
Varis yenə illuziyaya qapılıb Bakıdakı Lenin meydanını beynində canlandırdı. Leninin qranitdən tökülmüş heykəli imamı qılıncsız-nizəsiz meydana doğru gəldiyini görəndə nərə çəkdi. Oktyabr inqilabının banisi ağır ayağının birin qoyub, o birini götürəndə varisin qulaqlarına çat verən qranitin xoşagəlməz səsi dəydi. O dişlərini qıcayıb əlini qabağa uzadanda varisin gözlədiyindən fərqli olaraq, Lenin əlində şapkası yox, sosialist inqilabının idarəedici qanun kitabı konustusiya durdu. İmam qollarını yuxarı qaldırıb silkələnən kimi meydana bir kitabxanalıq kitab qalandı. İnqilabın ağır, şanlı, keşmə-keşli, – təbii, Amerikanın müdaxiləsi olmadan qazanıldığından bəhs edən şərh kitabları idi. Lenin səhv gördüyünü güman edib əlini gözlərinin üzərinə aparıb eynəyini çıxartdı, köynəyinin ətəyi ilə silib yenidən əvvəlki yerinə qaytardı. O:

– Sizin inqilab üçün verdiyiniz zəhməti kiçiltmək günah olduğunu etiraf etmək zorundayam, amma mənim artıq yetmiş ildir burda, – o barmağı ilə ayaqlarının altını göstərdi, – yurd-yuva qurduğumu nəzərə alsanız, düşünürəm, bu meydana girməkdən imtina etməlisiniz.
Leninin üzündəki zavallı ifadəni aydın görməkdən ötrü iki əlini qabağa uzadıb qarşısını cangüdən kimi kəsib onu qoruyan kitabları aralayıb özünə tunel yaradan imam bığaltı gülüb, – bunu saqqalının asta-asta əsməsindən hiss etməmək naşılıq olardı, – oktyabr inqilabının banisinə hayqırdı:
-Sən işğalçısan! Sən bura gəlməmişdən əvvəl mənim əqidəmin daşıyıcıları burda hakim idi.
Lenin qranit qolunu yavaşca – təbii, qraniti cəld qaldırmaq da mümkünsüz idi, – başı üzərinə tutub, sağına-soluna oğrun-oğrun göz atdı:
-Gəl, üz-üzə həqiqəti etiraf edək!
İmam başı ilə mərkəzi komitənin binasından onlara göz qoyan dövlət işçilərinə işarə etdikdə…
-Onlar?
-Hə!
-Kommunistlərdi! Mənim içimdən çıxmış marianetlərdir.
-Hııı…
İmam yenə ehtiyatlanaraq Leninin etiraf edəcəyini sadəcə özü eşitsin deyə, ona bir addım da doğru gəldi. Oktyabr inqilabının banisi islam inqilabının müəllifini yumuşaltdığı üçün özü də sevincək qranit ayağını qaldırıb, – bu o qədər də zəhmətsiz başa gəlmədi, çünki meydana döşənmiş qıra ayağı batmışdı, – bir addım atdı.
İmamla Lenin arasından artıq su belə keçə bilməzdi.
-Ağayi Lenin, buyur, de, nəyi etiraf edəcəkdin.
-Yoldaş imam, bura tək mən yox, sən də gəlməsən. Biz hər ikimiz işğalçı olduğumuzu bildiyimiz halda, nədən bu meydanda ideologiya davası edək ki? Sən də kitabınla gəlmisən, mən də. Qoy, səninkini də oxusunlar, mənimkini də. Beyinləri hansını qavrasa o yolu da tutub gedərlər.
İmam dərin düşüncəyə qərq olub, handan-hana dodağını-dodağından araladı.
-Təklifin ağlabatandır, amma hər ikisini paralel oxumaq istəsələr necə olacaq?
-Bu lap yaxşı olar, o zaman beyinlərində milli ideologiyaya yer qalmaz.
Oktyabr inqilabının banisinin cavabı islam inqilabının müəllifini necə qane etdisə, özündən bixəbər qollarını açıb əzəmətli qraniti qucaqladı.
-Ağayi Lenin, bununla da biz sübut edəcəyik ki, siyasət meydanında kimsə kimsəni vurmasa, rahat yaşaya bilər.
-Yoldaş imam, haqlısınız, biz hümanizm əsasında idoloji cəbhə açırıq.
Qranit qollar imamı sinəsinə sıxanda o kürəyində qəfil ağrı hiss etdi, amma səsini içinə saldı və ağrıdan xilas olmaqdan ötrü çaba xərcləmədi. Lenin onu var gücü ilə qamarlayıb qolları arasında bir xeyli əzizlədi, imamsa bunu ehtiram yox, tarixi düşmənin onun kürəyinə xəncər saplamaqdan ötrü məqam tapması kimi yozdu. Ta o vaxta qədər ki qranit qollar boşalıb yanına düşdü. O sıxılmış ciyərlərinə meydanın beş addımlığındakı Xəzər dənizinin havasını doldurub kommunistin əlinə baxdı. Onun kürəyinə dirənmış sərt cildli sovet konustusiyasının tini olduğunu biləndə qarşısındakı ilə bağlı şübhələri axıb dənizə töküldü.
Müntəziri Bakıdakı Lenin meydanından xəyalını yığıb ibadətxanaya qayıdanda imama bədgümanlıqla bağlı cavab verməli olduğunu xatırladı.
-Qırmızılar onları dindən-imandan çıxartdıqlarını ağada bilməmiş deyil. İnanmıram beş-on Allah evinin inşası ilə yetmiş il allahsızlıq mədrəsəsində dərs almışlar imana gələlər.
-Gəlməzlər,.. gəlməzlər, başqa əlac qılarıq. Biz də amerkanlılarla az işləmədik… – İmam varisini sınayıcı nəzərlərlə süzüb, – düppədüz on beş il, – dedi.
-Bunun mətləbə nə dəxli? Amerikanlar hər halda qırımızılar kimi allahsız deyillər.
-Söhbət kimin nə qədər dindar olmağından getmir, məsələ amerikanların düşmən üzərindəki qələbədən ötrü hazırladıqları yaxın, uzaq taktikalardan gedir. Yəni, bir hədəfi vurmaqdan ötrü bir yox, bir neçə planı eyni zamanda hazırlayacaqsan.
Ağanın aydın izahının qarşısında varis yalnız:

-Hı, – etdi.

Təsdiqi iki hərf birləşməsindən yaranmayan kəlməsiz oldu. Görünür onun əlüstü anlamasından idi imam bu dəfə onu sınamadan şərhinə davam etdi.

-Misal üçün, plan A-mız meydanı yönəltmək idi, plan B-miz Allah evinin tikilib, dinc yolla onları imana dəvət etməkdirsə, plan C-mizi də hazır vəziyyətə gətirməliyik.

-Plan C?! – Deyər-deməz varis Leninin əzəmətlə durduğu meydana cumdu. O gözlərini yumub, başını silkələdi. Bununla da özünü növbəti illuziya təhlükəsindən xilas etmiş oldu.

-Hə, amma biz hələ plan B-mizi sınaqdan keçirməliyik, əgər, o, baş tutarsa, o zaman plan C-yə lüzum olmaz. Yox, əgər, plan B lazım olan meyvəni yetişdirməyə qadir olmazsa, o zaman planın sonuncu bəndinə baş vuracağıq. Amma biz plan B-ni mükəmməl hazırlamalıyıq, onun caynağından heç bir ateist sürüşüb qaça bilməsin.

-Bilmək olar ağanın plan C dediyi bənddə nə durur?

-Əgər bilməyə çox tələsirsənsə, əlbəttə, deyərəm. Amma mən plan B-ylə qırmızıların beynini zəhərlədiyi o imansız atesitləri ram edəcəyimizə inamsız yanaşmıram.

-Ağa əfv etsin, mən bunun asan olmayacağını güman edirəm.

-Haqlısan, asan olmayacaq. Zatən, biz çətin işlərin öhdəsindən gəlməkdə səriştəsiz deyilik.

-Elə isə ağa məni intizarda məhv etməsin, lütfən söyləsin, görək, plan C-nin içində nə durur.

-Troya atı!

-Nə?

Eşitdiyinə inanmayan Müntəziri başını imamın ağzına qədər uzatdı. O başını özünə sarı çəkəndə imamla göz gözə dirəndi. Hər ikisi susdu, varisin beyni eşitdiyini dərk etməklə məşğul idi, imamsa onun kəlmələri anlama qabiliyyətini yoxlayırmış kimi verəcəyi cavabı gözləyirdi.

-O boyda at harda istehsal olunacaq?

Bardaş qurub oturmuş imam ayaqlarının üzərinə çəkdiyi əbasının ortasına barmağın dirədi. Görünür əfsanəvi Troya atını kimin meydana gətirəcəyi hələ də ona sirr qaldığından bir də sordu:

-Yəni, burda?

-Hə!

-Qumda?!

-Hə! – İmam təsdiqlədi.

-Necə?

-Düşünürsən, biz arilər yunanlılardan vecsizik?

-Əstafurla, ağa! Elə düşünməyə mənə kim haqq verər?

-Atan oldu rəhmətlik. Topal Molla Bakıda ələ keçirtdiyi imana yönlüləri Quma gətirib Troya atının içərisinə doldurulacaq əsgərciklər yetişdirəcək.

-Ağa, siz nə qədər uzaq görənsiniz?!
İmam başını qabağa uzadıb məhrəm bir səslə pıçıldadı:
-İslam inqilabını qorumaq üçün hər şeyə getməliyik, sərhədlərimizdə inqilab keşikçiləri ayıq-sayıq durana qədər yuxumuza haram qatmalıyıq. Rahatlığımızın təminatçısı bütün sərhəddimiz boyu hizbullah əsgərlərinin düzülməsidir.
-Yəni, Troya atı bu qədər nəhəng olacaq.
İmam başı ilə təsdiqlədiyi fikri dilinə gətirməyə də ərinmədi.
-Yunankılardan qat-qat böyük… Bütün Quzey Azərbaycan əhalisini içinə sığdıra biləcək qədər vücuda sahib olmalıdır.
Atın nəhəngliyinə görə yox, atdan vampir olmadığına görə Müntəziri dərindən nəfəs aldı.

Başqa xəbəridə oxuyun

GÜNEY AZƏRBAYCAN MILLI AZADLIQ CƏBHƏSININ AZƏRBAYCAN DÖVLƏTİ VƏ SİLAHLI QÜVVƏLƏRİNƏ DƏSTƏK BƏYANATI

1988-ci ildə Ermənistan tərəfinin Azərbaycanın tarixi torpaqlarına qarşı açıq şəkildə ərazi iddiaları və etnik zəmində …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir