Son Dəqiqə
Home / Azərbaycan / ƏBÜLFƏZ ELÇİBƏY (1938-2000) / 18 il ELÇİBƏYSİZ

ƏBÜLFƏZ ELÇİBƏY (1938-2000) / 18 il ELÇİBƏYSİZ

Endi mələk kimi göylərdən yerə,

Dünyadan namusla keçdi “Elçibəy”.

O, qəbrə köçmədi –  sığmazdı qəbrə,

Millətin ömrünə köçdü Elçibəy.

“B.VAHABZADƏ”

Öyrənci:22 Avqust 2000! Millətini canından çox sevən, həyatını Vətəninin Bütövlüyü ve Xalqının xoşbəxtliyi uğrunda mübarizəyə qurban veren, siyasətə əxlaq anlayışını gətirən, Azadlıq və Bütövlük, eyni zamanda Ləyaqət, Kişi’lik ve Mənəviyat simvoluna çevrilən sevgili Liderimizin əbədiyəte köç etməsinden 18 il keçir. Her keçen il Onun böyüklüyü daha yaxşı anlaşılır. Onun yerinin doldurulmaz olduğu gərçeyi bütün çılpaqlığı ilə görünür.
Haqqında yazılacaq o qeder çox şey var ki…
Yazılır, yazılacaq.

Bir-iki söz Azərbaycan bəşəriyyət tarixinə bir-birindən ulu azman dahilər bəxş edib. Onların gördüyü nəhəng işlər, yazdığı cahanşümul əsərlər, irəli sürdüyü yenilikçi düşüncələr milli mədəniyyət və mənəviyyatımızın dirçəliş və yüksəlişinə olduqca mühüm təkan verməklə yanaşı, bütövlükdə ümumbəşər sivilizasiyasının da önəmli tərkib hissəsinə çevrilib.

Həmin dahilərin adlarını az qala hər gün böyük öyünc və güvənc duyğularıyla çəkirik.

Onlardan Azərbaycana doğma olan bir insan – millətimizin bütün tarixindəki ən işıqlı ərənlərdən biri, Azərbaycan milli azadlıq hərəkatının ulu öndəri, Güneyli-Quzeli Azərbaycanın ümummilli lideri, əbədiyaşən yolbəyimiz Əbülfəz Elçibəy’dir.

Uşaqlıq və gəncliyi Əbülfəz Elçibəy (Əbülfəz Əliyev) 24 iyun 1938-də Naxçıvanda – Ordubad rayonunun Kələki kəndində Qədirqulu kişi ilə Mehrinisə xanımın ailəsində doğulub.

Unus kənd 7-illik məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini başa vurub.

1957-də indiki M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə girib.

Buranı qurtardıqdan sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib.

Birləşmiş Ərəb Respublikasına (Misrə) göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçilik edib (I.1963-X.1964).

Xarici ezamiyyətdən dönərək BDU-da aspiranturaya girən (1965) Ə.Elçibəy onu uğurla bitirib (1968).

Akademik Ziya Bünyadovun (1921-1997) elmi rəhbərliyi altında “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969).

Fazil Qəzənfəroğlunun bildirdiyi kimi, dissertasiya müəllifi, içində yaşatdığı böyük türklük eşqini bu əsərlə ortaya qoymağa çalışıb, xilafətin parçalanması nəticəsində yaranmış ilk Türk dövlətinin tarixini araşdırmaq, öyrənmək və topluma qazandırmaq istəyib.

O, ilk öncə böyük türk millətinin nə qədər zəki və güclü olduğunu, onun dövlət qurma bacarığını tarixin bu araşdırılmamış səhifələrində gün işığına çıxarıb.

Sonralar Türkiyədə kitab kimi nəşr edilmiş bu əsərdə tarixin yalnız Tulunilər/ Tolunoğulları ilə bağlı bilgilər verilmir.

Burada ümumən ərəb xilafəti, Bizans, İran və başqa dövlətlərin tarixi də müqayisəli şəkildə gözdən keçirilib. Müəllif IX yüzil – X yüzilin başlanğıcında Yaxın və Orta Şərq tarixində gözə çarpan ən önəmli hadisə və prosesləri etibarlı qaynaqlara söykənməklə təsvir və təhlil edib.

Araşdırılan dönəmdə Azərbaycanda baş vermiş hadisələrə də əsərdə yetərincə yer verilib, özəlliklə xilafətlə çarpışan Babəkin başçılığı altındakı hərəkatla bağlı qiymətli bilgilər öz əksini tapıb.

Universitet müəllimi, siyasi məhbus, şərqşünas alim Elçibəy aspiranturanı bitirincə BDU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasına götürülüb, orada müəllim və baş müəllim işləyib (1968-1975). 1975-in yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi (DTK) onu tələbələr arasında millətçi və antisovet təbliğat apardığına görə həbs edib və o, 17 iyul 1976-yadək siyasi dustaq olub, əsa­sən Qaradağ daş karxanasında ağır işlər görməyə məh­kum edilib.

Həbsdən buraxıldıqdan sonra o, bir müddət işsiz qalıb, 1976-nın dekabrında indiki Azərbaycan MEA Əlyazmalar İnstitutuna kiçik elmi işçi götürülüb, sonra böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi işləyib (16.07.1992-yədək).

Klassik və müasir ərəb dilini, islam əsaslarını, Şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən ən ciddi alimlərdən sayılan Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələr üzrə çox dəyərli elmi araşdırmalar aparıb.

Onun 40-dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun «Elmi əsərlər»ində, MEA-nın «Xəbərlər»ində, «Əl­yaz­malar xəzinəsində» toplusunda və b. nəşrlərdə çıxan «Əh­məd ibn Tulun və Tulunilər dövlətinin yaranması» (1967), «Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına da­ir» (1968), «9-10-cu əsrlər ərəb-Misir ədəbiyyatı haq­qın­da» (1971), «Tulunilər dövləti və qərmətilər» (1971), «Ab­ba­silər xilafətinin parçalanması və feodal dövlətlərinin ya­ran­masına dair» (1971), «9-cu yüzilliyin 2-ci yarısında Mi­sir­də sənətkarlıq və ticarət» (1972), «Hənəfilik və onun əsas qay­daları» (1986), «Əhməd Tantarani Maraği və onun “Tan­taraniyyə” qəsidəsi» (1987) və başqa bir çox dəyərli təd­qiqatlarını göstərmək olar. Görkəmli alimin bütünlüklə ye­ni düşüncələr toplusu olan kitabları: “Tolunoğulları dövləti (865-905)” (İstanbul, 1997) və “Bütöv Azərbaycan yolunda” (İstanbul, 1998; Bakı, 2004) dünya şərqşünaslıq elminə dəyərli töh­fə­dir. Sonuncu kitabındakı “Azərbaycan” məqaləsi, fikrimizcə, özəlliklə Azərbaycan tarixşünaslığı üçün inqilabi önəm daşıyır.

Tarixçi alim olaraq Elçibəy burada bildirir ki, dünyada ən az öyrənilmiş tarix bəlkə də Azərbaycan tarixidir.

Azərbaycanın öz tarix qaynaqları az öy­rə­nil­di­yin­dən, bir sıra tarix qaynaqları məhv olduğundan və ya məhv edildiyindən, əldə olan tarix qay­naq­la­rı­ düşmən qələmindən çıxdığından və hətta bizim tarixçilərimiz də öz tariximizə düşmən ta­rix­çi­lə­rin gözü ilə baxdığından, Bütöv Azərbaycan ta­rixini və mədəniyətini öyrənməkçün ayrıca araş­dırma metodu yaradılmadığından, …Azərbaycan tarix və mə­də­niy­yətinin araşdırılma, öyrənilmə səviyyəsi çox aşağıdır.

O, açıqca yazır: “Alimlərimizin, demək olar ki, ha­mısı tarixi marksist-leninçi metodologiya əsasında araş­dırıblar. Qısaca olaraq bu, nə deməkdir: bütün ta­rix boyu 4 quruluş olub: ibtidai icma, quldarlıq, fe­o­dalizm, kapitalizm; beşincisi həm də sonuncu ola­caq, onu kommunistlər quracaq, adı da kommu­nizm­dir, sosializm onun birinci mərhələsidir; tarix siniflərin mübarizəsi tarixidir; […] dövlət ölüb gedəcək. […] Tarixi saxtalaşdırmaqda bundan eybəcər me­to­do­logiya düşünmək və tapmaq mümkün deyil”.

Dediklərini sübutçün çoxlu faktlara söykənən Elçibəy Azərbaycan tarix və mədəniyyətinin araşdırılmasının yeni metodunu yaratmağı vacib sayır və bu metod haqqında öz fikirlərini irəli sürür: “Mən tək­lif edirəm ki, hələlik ilkin olaraq tarix-məntiq me­todunu qəbul edək. Bu metod nə üçün tətbiq edi­lir? Birinci, ona görə ki, istər Azərbaycanın, istər bü­­tün türklərin, istərsə də bütün dünyanın qədim və ən qədim tarixi ya həddən az öyrənilib, ya da heç araş­dı­rılmayıb, öyrənilməyib.

Buna görə də birinci və­zi­fə kimi qarşıda empirik məlumatların toplan­ma­sı gə­rək­dir.

Sonra, bu məlumatlar “empirik və xrono­lo­ji ta­rixiylə” toplanmalıdır. İkincisi, bu empirik məlumatlar bir məntiqə da­yanmalıdır.

Məsələn, empirik məlumat ya mifdən, ya dildən, ya dindən gələ bilər. Bunların öz məntiqi, öz sistemi vardır. Ümumi götürsək, min illərlə bə­şə­rin yararlandığı “formal məntiq” adlanan məntiq (l­o­qos) bunları qəbul etmir. […].

Üçüncüsü, tarixsəl məntiq nə üçün gərəkdir? Bir­mənalı deyə bilərik ki, tarixin fəlsəfəsini an­la­maq və yaratmaq üçün. Çünki hələlik, bəlkə də bir ne­çə yüzil son söz tarix fəlsəfəsinindir”.

Çox təəssüf ki, Azərbaycan tarixçiləri Elçibəyin bu elmi düşüncələrini gərəyincə nəzərə almadılar.

Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaradıb və azadlıq ideyalarını yayıb. Eyni zamanda o, Azərbaycanın birləşdirilməsi ideyasını da dönmədən təbliğ edib.

1975-də dissident kimi həbs edilməsi də onu bu yoldan döndərə bilməyib.

Xalq hərəkatının öndəri 1988-də Azərbaycan Xalq hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu.

Hələ 16 mart 1988-ci ildə Elmlər Akademiyasında keçirilən mitinqdə o, xalqımızı erməni hücumundan qorumaq üçün Müdafiə Cəmiyyəti yaratmağı təklif etmiş, 16 mayda Azadlıq meydanındakı mitinqdə isə artıq bu cəmiyyətin yaradıldığını bildirmişdi.

Çox keçmədən onun da başçılığı altında bir çox cəmiyyətlər birləşdirildi və onlar güclü xalq hərəkatına çevrildi.

Bu hərəkatın təşkilatlanma forması olan Azərbaycan Xalq Cəbhəsi (AXC) onun ən yaxından iştirakı ilə yarandı (16 iyul 1989) və Elçibəy ömrünün sonunadək ona sədrlik etdi.

AXC olduqca çətin şəraitdə gərgin mübarizə aparırdı.

O, bir yandan Qarabağda Qorbaçovun həvəsləndirdiyi ermənilərin təcavüzünün qarşısını almağa çalışır, bir yandan da ölkənin demokratikləşməsi üçün mücadilə edirdi.

1989-da ölkədə açıq-aşkar ikihakimiyyətlilik yaranmışdı. Arxasında xalqın bütün kəsimlərinin dayandığı AXC faktik gücə çevrilmişdi. Artıq onun tələbiylə ölkədə demokratik parlament seçkilərinin keçirilməsinə çox az vaxt qalırdı.

AXC özünün mətbu orqanını – “Azadlıq” qəzetini də yaratmışdı.

Adını Elçibəyin qoyduğu bu qəzetə elə onun tövsiyəsiylə görkəmli jurnalist və siyasi-ictimai xadim Nəcəf bəy Nəcəfov (1955-1999) redaktor, bu sətirləri yazansa redaktor müavini təyin edilmişdilər (qəzetin ilk sayı 24 dekabr 1989-da 200 min tirajla çıxmışdı).

Bu zaman SSRİ prezidenti Qorbaçovun əmriylə sovet ordusu erməniləri müdafiə etmək bəhanəsiylə Bakıya və ətraf bölgələrə soxuldu, qanlı 20 Yanvar 1990-cı il faciəsini törətdi. SSRİ müdafiə naziri Yazov Azərbaycana “AXC-nin strukturlarını dağıtmaq üçün” gəldiklərini bəyan etdi. Ancaq Elçibəyin tədbirli siyasəti sayəsində AXC nəinki məhv olmaqdan qurtuldu, həm də mübarizəsini daha uğurla davam etdirdi.

8 iyul 1990-da AXC-nin təşəbbüsüylə “Demokratik Azərbaycan” seçki bloku yaradıldı və Ali Sovetə (AS) 30 sentyabrda keçirilən seçkilərdə bu blokdan 31 nəfər (onların 23-ü AXC-dəndi) deputat mandatı qazandı.

13-17 iyul 1991-də gerçəkləşən AXC-nin 1-ci qurultayının ilk dövrəsi Azərbaycanın ictimai-siyasi həyatında böyük hadisəyə çevrildi.

16 iyuldakı 2 saatlıq siyasi məruzəsində sədr Əbülfəz Elçibəy dünyada, SSRİ-də və Azərbaycandakı siyasi vəziyyəti incəliklə təhlil etdi.

O, kommunist partiyasının artıq öldüyünü və SSRİ-nin mərhələ-mərhələ parçalanacağını bildirdi.

AXC-nin SSRİ-də ən güclü xalq hərəkatına çevrilməsi bir gerçəklikdi.

Onun da mübarizəsi nəticəsində SSRİ-nin ömrünə artıq az qalmışdı. İmperiyanı iflasdan qurtarmaqçün 19 avqust 1991-də bir qrup dövlət adamı Qorbaçovu hakimiyyətdən kənarlaşdırıb Dövlət Fövqəladə Vəziyyət Komitəsi (rusca “QKÇP” adıyla daha çox məşhurdur) yaratdı, ölkədə yeni diktatura rejimi bərpa etmək istədi.

SSRİ demokratları içərisində ilk dəfə məhz Əbülfəz Elçibəy və Litva AS-nin sədri Vitautas Landsbergis bu çevrilişə mənfi münasibət bildirdi.

AXC sədri elə bununla da Sovet imperiyasının məhv olacağını bəyan etdi. AXC rəhbərliyi çevrilişlə bağlı rəsmi etiraz bəyanatı yaydı.

İranda səfərdə olarkən “QKÇP”-ni dəstəkləmiş prezident Ayaz Mütəllibovun qaragüruhçu “Tövbə” və “Qardaşlıq” cəmiyyətlərinin üzvlərindən ibarət qüvvələri 23 avqust 1991-də Bakıda AXC-nin Sovet küçəsində yerləşən qərargahını darmadağın etdi.

Öldürülməsinə can atılan Əbülfəz bəy qanına qəltan olundu.

O, bir müddət İsmayıllının Basqal kəndində gizli müalicə olundu.

Özəlliklə Elçibəyə qarşı törədilən bu amansızlıq xalqı hövsələdən çıxardı.

26 avqustda əliyalın xalq fövqəladə vəziyyət şəraitdə hücuma keçərək, hər tərəfdə düzülmüş hərbi maşınlar cərgəsini yardı, Azadlıq meydanını tutdu və mitinqə başladı. Mütəllibov mitinqi dağıtmağa ürək etmədi.

Elçibəyin göstərişiylə AXC təzyiqləri artırdı və Mütəllibov bir sıra demokratik güzəştlərə getməyə məcbur oldu. Elə mitinqin ertəsi günü “Kommunist” qəzetinin adı “Xalq qəzeti”, Lenin meydanı “Azadlıq meydanı” adlandırıldı, Leninin heykəli AXC-nin 28 avqust mitinqinədək oradan götürüldü.

AXC-nin mübarizəsi getdikcə məqsədyönlü və səmərəli olurdu. 30 avqustda Azərbaycan AS-nin növbədənkənar sessiyası Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi, fövqəladə vəziyyəti götürdü və milli özünümüdafiə qüvvələri yaratmağa razılıq verdi.

AXC-nin təzyiqi altında Azərbaycan AS Azərbaycanın müstəqilliyi haqqında tarixi aktı qəbul etdi (18 oktyabr 1991).

Bu dönəmdə Cəbhənin hakimiyyətə gəlməsini arzu edənlər həddən çoxdu, ancaq Elçibəy AXC-ni hakimiyyətə doğru süni şəkildə itələyənlərə mane olmağa çalışır, Cəbhənin hakimiyyəti idarə edə bilmək səviyyəsində yetişməsini istəyirdi.

Bundan ötrüsə o, cəmiyyətin sürətlə demokratikləşməsinə, Cəbhə kadrlarının bu prosesdə kamilləşməsinə can atırdı.

Buna görə də Rusiya prezidenti Yeltsin və Qazaxıstan prezidenti Nazarbayevin Azərbaycana gəlişiylə bağlı keçirilən 21 sentyabr 1991-ci il mitinqində demişdi: “İndi sürətlə hakimiyyətə gələ bilərik, ancaq 40 il xalq içində düşmənçilik davam edə bilər”.

30 oktyabrda Milli Məclis “Ali Sovetin Milli Şurası” kimi təsdiqləndi. 21 dekabr 1991-də SSRİ dağıldı.

29 dekabrda xalqımız referendumla Azərbaycanın dövlət müstəqilliyi haqqında Aktı bəyəndi.

25-27 yanvar 1992-də AXC-nin 1-ci qurultayının 2-ci dövrəsi keçirildi, Məramnamə və Nizamnamə başlıca müzakirə mövzusu oldu.

Bütün bu hadisələrdə Elçibəyin şəxsi əməyi çox böyükdü.

Ona görə də hakimiyyət 11 fevral 1992-də ona sui-qəsd təşkil etmək istədi, ancaq son anda baş tutmadı.

15-16 fevral tarixli AXC Ali Məslisinin sessiyası artıq hakimiyyət məsələsini müzakirəyə çıxardı. AXC ətrafında birləşmiş xalqın güclü təzyiqi nəticəsində 5 martda AS-in sədri Elmira Qafarova, 6 martda prezident Ayaz Mütəllibov vəzifələrindən istefa verməli oldular.

Ali Sovetin yeni sədri Yaqub Məmmədov prezident səlahiyyətlərini icra etməyə başladı.

Ali Sovetin 25 martdakı fövqəladə sessiyası 7 iyunda prezident seçkiləri keçirməyi qərara aldı. Anticəbhəçi qüvvələr öz namizədlərini (Y.Məmmədov daha real görünürdü) prezident seçdirmək istəyirdilər.

Sessiyada çıxış edən AXC sədri Əbülfəz Elçibəy üzünü kommunist deputatlara tutaraq xəbərdarlıq etdi: “Prezident seçməyə tələsirsiniz – seçin, ancaq üç aydan sonra seçəcəyiniz prezidenti bir ildən sonra yıxacaqsınız.

Belə də olmalıdır, başqa cür mümkün deyil. Prezident o ölkədə seçilir ki, orada prezidenti əldə saxlamaq mümkün olsun, Xalq Cəbhəsi və yaxud hər hansı bir siyasi qüvvə onu yıxmasın.

Elə strukturlar yaradılmalıdır ki, prezidenti qoruya bilsin, həm də prezident özündən çıxıb diktatora çevrilmək istəyəndə onun qarşısını ala bilsin.

Bu, hakimiyyətin əlifbasıdır… Hakimiyyəti üç yerə bölərlər: biri qanun qəbul edər; biri icra edər, istədiyi vaxt müstəqil şəkildə icraya etirazını bildirər, yenidən baxılmağını tələb edər; biri də müstəqil məhkəmə orqanlarıdır ki, qalan ikisinin fəaliyyətinə nəzarət edər.

[…] Yoxsa heç kim heç kimdən, ən başlıcası da, qanundan qorxmur, hərə istədiyini eləyir.

Deyilən struktur yaranmasa, kimi istəyirsiniz seçin, ən ruhani adami seçin, həmin ruhaninin ətrafına yığılacaq adamlar hurrey-hurrey deyəcəklər ki, sən bizim böyüyümüzsən, qabağa gəl.

Beləliklə də, onu yoldan çıxaracaqlar. Bunun qarşısını saxlayan heç bir institut yoxdur”.

Bu sözləri söylədiyi vaxt Əbülfəz Elçibəy Azərbaycanda ən nüfuzlu şəxsdi və onun prezident seçilə biləcəyi kimsədə şübhə doğurmurdu.

Seçki günü yaxınlaşdıqca Rusiya və onun nüfuzu altındakı yerli hakimiyyət Elçibəyin simasında AXC-nin hakimiyyətə gələcəyini aydın hiss etdirdi.

Buna yol verməməkçün indi də prezident seçkilərinin keçirilməsini əngəlləmək yolu tutuldu.

Rusiya fitnəkarlıq törədərək 8 mayda ermənilərin Şuşanı işğal etməsinə şərait yaratdı.

Bunun ardınca sərhəd rayonlarından, münaqişə bölgəsindən mülki əhalinin kütləvi və mütəşəkkil şəkildə çıxarılması başlandı.

Mayın birinci yarısında Azərbaycan artıq böyük köç karvanlarını xatırladırdı.

Bu təxribatlardan məqsəd respublika ərazisinin yarısını boşaltmaqla seçkilərin keçirilməsini pozmaq, hökumət böhranını dərinləşdirmək, bütövlükdə isə Azərbaycanda vətəndaş müharibəsi törətməkdən ibarət idi.

Bütün bu təxribatlar da yetərli olmadıqda Mütəllibovu yenidən hakimiyyətə qaytarmaq ssenarisi işə salındı.

14 may 1992-də xalqımız Azərbaycan “QKÇP”-sini yaşadı. Həmin gün Rusiya xüsusi orqanları Mütəllibovu yenidən hakimiyyətə gətirdi və birgünlük prezident Azərbaycanda diktatura qurulduğunu elan etdi.

Ancaq daha gec idi – qatar getmişdi. Ertəsi gün – 15 mayda başda Elçibəy olmaqla öz liderlərinin qətiyyəti sayəsində AXC diktatura üzərində parlaq qələbə çaldı.

Bununla da AXC-nin istəməsə də hakimiyyətə gəlməsi labüdləşdi.

15-19 mayda AXC hakimiyyətin bir hissəsini öz əlinə aldı (ancaq yeni təyin olunanların da mühüm qismi sonralar Elçibəy iqtidarına xəyanət etdi). Bunun qisasını ruslar 18 mayda Laçının işğal edilməsiylə aldılar.

Prezident və onun islahatları 7 iyun 1992-də Azərbaycan Respublikasında ilk dəfə demokratik seçkilər keçirildi və AXC-nin sədri Əbülfəz Elçibəy xalqın səs çoxluğu ilə prezident seçildi.

O, bütün gücünü ölkədə demokratiyanın bərqərar olmasına, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yax­şı­laş­dı­rıl­masına yönəltdi.

Əbülfəz bəyin prezidentliyə başladığı ilk vaxtlarda döv­lətimizin qarşısında duran təxirəsalınmaz vəzifələr Azər­baycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, milli ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaqdı, buna görə də ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi.

Ordu quruculuğu yalnız hərbi-strateji deyil, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qaldırıldı.

Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu.

Ağdərə və Goranboy rayonları erməni işğal­ç­ı­la­rın­dan təmizləndi. Laçının əksər kəndləri düşməndən azad edildi.

9 oktyabr 1992-də Azadlıq meydanında Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Bununla Elçibəyin həyatda ən böyük və müqəddəs saydığı arzularından biri gerçəkləşdi.

Prezidentin Mühafizə İdarəsi rəisinin müavini Oqtay Məmmədov həmin paradla bağlı yazır: “O zaman Rəhim Qazıyev sürətlə Müdafiə Nazirliyini vaxtilə Xalq hərəkatının əleyhinə Moskvanın tərəfində olmuş adamlarla doldurmağa başlamışdı.

Paradın hazırlanması və keçirilməsində yaxından iştirak edən bu şəxslərdən hər şey gözləmək olardı. Hər cür gözlənilməz hadisənin qarşısını almaq üçün biz lazımi profilaktik tədbirlər hazırlamışdıq”.

Nəticədə Milli Ordumuzun nümayişi yüksək səviyyədə təşkil olundu.  Keçmiş sovet respublikaları arasında birinci olaraq 90 min nəfərlik rus ordusunun Azərbaycandan çıxarılmasının başa çatdırılması ölkəmizin tarixi nailiyyətidir.

Bu, Azərbaycan xalqının çox mü­hüm qələbəsi, son illərdə Azərbaycanda gedən milli azad­lıq hərəkatının, milli demokratik prosesin məntiqi nə­ti­cə­si­dir.

Sonuncu rus əsgəri 26 mayda Gən­cə­dən çı­xarıldıqdan sonra Elçibəy ən yaxın adamlarını başına toplayaraq demişdi: “Biz artıq tam müs­təqil dövlətin vətəndaşlarıyıq! Ancaq Rusiya bunun əvəzini bizdən çı­xa­caq.

Onun bizim hakimiyyəti devirmək fikri qətidir. Buna hazır ol­ma­lı­yıq”.

Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azər­baycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü.

Sərhəd zolaqlarındakı hərc-mərcliyin qarşısı nisbətən alındı və ən başlıcası, sərhəd qoşunlarımız təşəkkül tapdı.

Dövlət üçün zəruri olan gömrük sisteminin yaradılması Azərbaycanın təbii ehtiyatlarının xaricə maneəsiz da­şın­ma­sı­nın qarşısını xeyli dərəcədə aldı.

1992-də maliyyə baxımından tamamilə taqətdən salınmış, xəzinəsinə süpürgə çəkilmiş bir ölkədə Dövlət Ləl-Cəvahirat Fondu yaradıldı.

Bir ildə Fonda 1,5 ton qızıl və di­gər qiymətli metallar toplandı. Və…

Sevgili Liderimiz!
Səni heç unutmadıq, son nəfəsimize qəder də unutmayacağıq!
Yolundan sapmadıq, sapmayacağıq!
Davan davamız,;
Yolun yolumuzdur!
Məkanınının Cənnət olduğundan şübhəmiz yoxdur!
Vətənimizin tək sərhed daxilinde, tək bayraq altında birleşdiyi gün də Ruhun şad olacaq !
Səni sevgi, sayğı və özləmlə anırıq Bəy’imiz!

Başqa xəbəridə oxuyun

İran Vaşinqton üçün Şimali Koreya, Suriya və Venesueladan ön plana keçərək, başlıca mövzuya çevrilib.

Öyrənci: İran Vaşinqton üçün Şimali Koreya, Suriya və Venesueladan ön plana keçərək, başlıca mövzuya çevrilib.Bunu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir